“Kür”ün 75 illiyi qeyd olunub - FOTO
27 dekabr 2010 17:18 (UTC +04:00)

“Kür”ün 75 illiyi qeyd olunub - FOTO

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, tədbirə Mətbuat Şurası İdarə Heyəti üzvləri, KİV təmsilçilərinin, rayon ziyalıları, ətraf bölgələrin media orqanlarının əməkdaşları qatılıblar.


Tədbir iştirakçıları öncə sabiq prezident Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, tər çiçəklər düzüblər. Yevlax şəhərindəki Heydər Əliyev adına sarayda baş tutan tədbir “Kür” qəzetinin 75 illik fəaliyyətinə qısa ekskursiya ilə başlayıb. Bu bölgə qəzeti ötən müddətdə “Yeni Yevlax”, “Qələbə”, “Təşəbbüs” və nəhayət, “Kür” adları ilə 5570 dəfə işıq üzü görüb.


Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Şuranın fəal üzvlərindən olan “Kür”ün yüksək tirajı, maddi-texniki bazası, dövriliyi ilə ölkəmizin digər bölgə qəzetlərinə nümunə olması onun xüsusi diqqəti çəkən cəhətlərindəndir. Onun sözlərinə görə, qəzet Yevlaxın, onun əməksevər əhalisinin simasına çevrilib: “Bu işdə nəşrin hər bir əməkdaşının müstəsna payı var. Təbii ki, ən böyük pay Yevlax ictimaiyyətinə, rayonun rəhbərliyinə məxsusdur. Onların birgə səyi nəticəsində “Kür”ün timsalında region mediası modelinə sahibik”.
O, Mətbuat Şurasının təbrik paketini “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızına təqdim edib.


“Kür” qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı bildirib ki, qəzetə rəhbərlik etdiyi 20 il ərzində nəşrin çətin şəraitdə ağır məhrumiyyətlər bahasına işıq üzü gördüyü dönəmlər də olub: “Lakin ən çıxılmaz anlarda da qələmi yerə qoymamışıq, işləmişik. Hazırda rayon rəhbərliyinin və ictimaiyyətinin böyük qayğısı ilə əhatə olunmuşuq. Belə tədbirin təşkili də bunun bariz nümunəsidir”.


Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bölgələrdə “Kür” qəzeti kimi nəşrlərin sayının artırılmasının zəruri olduğunu vurğulayıb. “Kür” qəzeti ilə tanışlığının ötən əsrin 90-cı illərindən başlandığını deyən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib ki, qəzet geniş və sadiq oxucu auditoriyasını qazanıb.


Mətbuat Şurası sədrinin müavinləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Olaylar” qəzetinin baş redaktoru Yunis Oğuz, “Paritet” qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, Yevlax rayon prokuroru Firdovsi Nemətli və başqaları “Kür” qəzetinə yaradıcılıq uğurları arzulayıblar.


Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 75 yaşını qeyd edən “Kür” qəzetinin tirajının 7500 nüsxəyə çatmasını yubilyara ən böyük hədiyyə kimi dəyərləndirib. O, mətbu orqanı Yevlax Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.


Yubiley mərasimində “Kür” qəzeti kollektivinə rayon ictimaiyyəti tərəfindən müxtəlif qiymətli hədiyyələr təqdim olunub, yubiley münasibətilə şəhərdə geniş konsert proqramı təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar