“Qala Həyat” təminatlı həyat təklif edir - FOTO
27 dekabr 2010 13:39 (UTC +04:00)

“Qala Həyat” təminatlı həyat təklif edir - FOTO

“Qala Həyat” Sığorta Şirkəti ölkə əhalisinə həyat sığorta üzrə xidmətlərini təklif edir. Bununla da şirkəti sığorta bazarında bir daha aktiv fəaliyyətə başlayır.

Lent.az-ın məlumatına görə, “Qala Həyat” sığorta Şirkətinin İdarə Heyətinin sədri Abbas Babayev bu gün keçirdiyi mətbuat konfransında belə deyib. O qeyd edib ki, “Qala Həyat” Azərbaycanda ən iri nizamnamə kapitalına malik həyat sığorta şirkətidir. Nizamnamə kapitalı 3,5 milyon manat təşkil edən şirkətin əsas səhmdarı aktivlərinə görə ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” ASC-dir.

Abbas Babayev deyib ki, “Qala Həyat” Maliyyə Nazirliyinin lisenziyası əsasında qeyri-həyat sığorta sahəsi üzrə fəaliyyətə başlasa da, artıq öz istiqamətini bazarın tələbinə uyğun olaraq, dəyişməyə qərar verib: “Biz bu ilin noyabrında aldığımız lisenziya əsasında fəaliyyət istiqamətimizi həyat sığortası sahəsinə yönəltmişik. Hazırda şirkətimiz həyat sığortası üzrə xidmətlərin göstərilməsinə hazırdır. Biz artıq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini göstəririk”.

İdarə Heyətinin sədri onu da bildirib ki, artıq icbari sığorta xidmətləri üzrə “Qarant Sığorta” şirkəti ilə bu gün ilk müqavilə imzalanıb. Onun sözlərinə görə, “Qala Həyat” təsis edildiyi gündən fəaliyyətini yüksək xidmət keyfiyyətini təmin edən beynəlxalq idarəetmə sistemi və standartları əsasında qurub. Bu səbəbdən də şirkət hazırda peşəkar təcrübəyə malik komandaya sahibdir: “Biz fəaliyyətimizi müştərilərə fərdi yanaşma və onların maraqlarının tam nəzərə alınması prinsipləri əsasında qurmuşuq”.

Abbas Babayev bildirib ki, “Qala Həyat” könüllü və icbari sığorta növləri üzrə öz xidmətlərini təklif edir. Könüllü sığorta xidmətləri əsasən, ölüm halından sığortadan, yaşam sığortasından, əmək qabiliyyətinin itirilməsi sığortasından, sağalmaz xəstəliklərdən sığorta və ipoteka kreditləri üzrə borcalanların həyat sığortasından ibarətdir. İcbari sığorta xidmətlərinə isə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta aiddir.

Onun sözlərinə görə, yaxın bir neçə ildə icbari sığorta sisteminin Azərbaycanda da hiss olunacaq dərəcədə inkişaf etməsi üçün ciddi əsaslar yaranıb. Bu əsaslardan biri “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” qanunun qəbulu, digəri isə vergi qanunvericiliyində bu sahənin inkişafına üstünlüklərin verilməsidir.

“Milli Məclisdə icbari sığorta haqqında qanunun qəbul olunması bu sahədə ciddi inkişafa əsas verir. Biz hesab edirik ki, həmin qanun həyat sığortası sahəsinin inkişafına müsbət təsir göstərəcək” - deyə, Abbas Babayev əlavə edib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1471

Oxşar yazılar