Məktəbə hücumda adı hallanan axund danışdı
25 dekabr 2010 15:07 (UTC +04:00)

Məktəbə hücumda adı hallanan axund danışdı

Dekabrın 22-də bir qrup dindar Binəqədi rayonu Xocəsən kəndindəki 103 saylı məktəbə gələrək tədris prosesini pozmağa çalışıb. Onların arasında Xocəsən kəndinin axundu da olub.

Lent.az-ın əməkdaşı dünən həmin kəndə yollanaraq hadisənin təfərrüatlarını öyrənib. Bəri başdan qeyd edək ki, biz Xocaəsəndə günorta saatlarında olduğumuzdan, artıq məktəbdə heç kəs yox idi. Məktəbin direktor müavini Vaqif Quluzadə isə məktəbin qapısı qarşısında dayanmışdı. Onun sözlərinə görə, bu təhsil müəssisəsində 20-yə yaxın şagird məktəbə hicabla gəlirmiş. Dekabrın 22-də isə həmin şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına əsasən, dərsə buraxılmayıb: “Təxminən yarım saatdan sonra həmin uşaqların valideynləri məktəbə gəldi. Onların arasında kəndin axundu və bir neçə molla da vardı. Onlar deyirdilər ki, biz dindarıq, ona görə də uşaqlar məktəbə hicablı gəlməlidir”.

Direktor müavinin dediyinə görə, həmin valideynlərin bəziləri məktəb rəhbərliyinə qarşı təhqiramiz ifadələr də işlədiblər. Bununla belə, mübahisə uzun çəkməyib və valideynlər sakit şəkildə məktəbin həyətini tərk ediblər: “Ertəsi gün səhər məktəbə gələrkən gözətçi məlumat verdi ki, məktəbin pəncərələrindən birinin şüşəsini sındırıblar. Mən artıq bildim ki, bu, bir xəbərdarlıqdır”.

Vaqif Quluzadə müəllimlər otağına qalxarkən qapının üzərində kağız yapışdırıldığını görüb. Həmin kağızda “Bizim balalarımızın başını açsanız məktəbi yandıracağıq. Oturub fikirləşin! Çaşıb balalarımızın başından hicabı açmayın!” şəklində xəbərdarlıq yazılıb. Onun sözlərinə görə, müəllimlər otağından həyətə çıxdıqda kəndin axundu və daha bir neçə valideynin burada toplaşdığını görüb: “Onlar dedilər ki, bizim uşaqlarımızı dərsə buraxın, əks halda bunun axırı yaxşı olmayacaq”.

Məktəb rəhbərliyi hesab edir ki, pəncərənin şüşəsi dekabrın 22-də axşam saat 7-8 radələrində sındırılıb. Bu zaman məktəbin gözətçisi tədris korpusunun arxasında yerləşən qazanxanada olub: “Mən gözətçidən soruşdum ki, bəlkə hansısa uşaq, ya valideyn sındırıb şüşəni. Dedi ki, bilmirəm, mən o vaxt qazanxanada idim”.

Maraqlıdır ki, həmin vaxt tədris prosesi başa çatsa da, məktəbin qapısı açıq olub. Ancaq Vaqif Quluzadənin fikrincə, müəllimlər otağının qapısı üzərindəki kağız səhər saatlarında vurulub: “Valideynlər məktəbə gələndə onlara dedim ki, mən məsuliyyət daşıyıram. Direktor xəstə olduğundan sahə müvəkkilinə özüm məlumat verdim və direktoru da xəbərdar etdim ki, belə bir hadisə ilə üzləşmişik. Direktor isə Bakı Şəhəri üzrə təhsil İdarəsini məlumatlandırdı”.

Bundan sonra Bakı şəhəri Bakı Şəhəri üzrə Təhsil İdarəsindən və Binəqədi Rayon İcra Hakimiyyətindən nümayəndələr gəlib. Direktor müavini deyir ki, rəsmi qurumların nümayəndələr valideynlərlə söhbət aparıb. Bu zaman valideynlər həmin nümayəndələrə də uşaqlarının məktəbə hicabla gəlməli olduqlarını söyləyiblər.

Əməkdaşımız məktəbdə olarkən kəndin axundu Telman Əsədullayev də hadisə yerinə gəlib. Ancaq o adının bu məsələdə hallanmasının düzgün hesab etmir. O, iddia edir ki, pəncərə şüşəsinin sınmasının həmin gün bura yığışan valideynlərlə heç bir əlaqəsi yoxdur. Deyir ki, o hər gün I sinifdə oxuyan qızını məktəbdən aparmaq üçün bura gəlir: “Şüşənin sınmağından şəxsən mənim xəbərim yoxdur. Bəlkə də məktəbin şüşəsini burada futbol oynayan uşaqlar sındırıb, bunu hələ heç kəs bilmir”.

Axund-valideyn deyir ki, həmişə olduğu kimi, dünən yalnız qızını evə aparmaq məqsədilə məktəbə gəlib: “Mən öz uşağımı aparmaq üçün gəlmişdim. Gördüm ki, 5-6 hicablı uşaq və onların valideynləri məktəbin həyətindədir. Dedilər ki, bu uşaqları dərsə buraxmırlar, ona görə valideynlər də gəlib”.

Məktəb binasının şüşəsinin sındırılmasında dindarların adının hallandırılmasına görə Qafqaz Müsəlmanları İdarəsinə və ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib-etməmələrinə gəlincə, hacı Telman belə bir müraciətə etmək fikrində olmadıqlarını deyib. Ancaq onun sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən ona zəng edib bu məsələ barədə soruşublar: “Dünən komitədən Yalçın müəllim mənə zəng edib soruşdu ki, guya biz məktəbə hücum etdirmişik və hətta polislərlə qarşıdurma olub. Mən dedim ki, xeyr, belə bir şey olmayıb. Vəssalam, başqa heç kəs nə bizə zəng edib, nə də biz kiməsə müraciət etməmişik. Heç məktəb rəhbərliyi ilə də bizim problemimiz yoxdur”.

Direktor müavini və kəndin axundu ilə məktəbin həyətindəcə söhbətin sonunda müəllimlər otağının qapısı üzərin vurulmuş elanın kim tərəfindən yazıldığını, qapıdan necə asıldığını aydınlaşdırmağa çalışırıq. Məlum olur ki, həmin elan dekabrın 22-də axşam, yaxud da səhər saatlarında vurulub. Həmin ərəfədə isə məktəbin qapısı bağlı olub. İndi məktəb rəhbərliyi qapının bağlı olduğu halda bu elanın qapının üzərinə necə vurulması üzərində baş sındırır. Direktor müavini həmin elanın ya dekabrın 22-də dərs prosesinin sonunda, ya da dekabrın 23-də səhər tezdən dərs başlamamış şagirdlərdən biri tərəfindən yazılıb və vurulduğunu düşünür. Elanı elə pəncərə şüşəsini sındıranların pəncərədən içəri daxil olaraq qapıya vurduqları istisna deyil.

O ki, qaldı yazılmış elana, direktor müavini deyir ki, bu xəbərdarlıq siqaret qutusunun üzərində yazılmışdı. Həmin kağızın əsli sübut kimi hüquq mühafizə orqanlarına təqdim olunub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar