Bütün taksilərimiz yenidən rənglənəcək
07 dekabr 2010 17:30 (UTC +04:00)

Bütün taksilərimiz yenidən rənglənəcək

Nəqliyyat Nazirliyi tərəfindən hazırlanan və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş bu standart ölkənin həm taksi, həm də avtobusla sərnişindaşıma bazarında köklü dəyişikliklərə səbəb olacaq.

Komitədən “APA-ECONOMICS”ə verilən məlumata görə, bu standart taksi və avtobuslara, yük avtomobillərinə, sərnişin stansiyası qurğularına – yəni avtovağzallara, avtostansiyalara, avtobus və taksi dayanacaqlarına aid olacaq. Daha dəqiq, adı çəkilən standart bu vasitələrdə fərqləndirici nişanların, göstəricilərin və digər informasiya tərtibatlarına aid əsas tələbləri müəyyənləşdirir.

Belə ki, standartda nəzərdə tutulan ən maraqlı tələblər taksi avtomobillərinə aiddir. Əvvəla, yeni standarta əsasən, bundan sonra taksi kimi işləmək istəyən bütün avtomobillər yenidən rənglənməlidir. Belə ki, Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının sözlərinə görə, respublikanın hər şəhər və rayonundakı taksilərin xüsusi rəngi olacaq. Məsələn, Bakıda taksilər bənövşəyi rəngdə, Sumqayıtda ağ, Gəncədə boz olmalıdır. Digər şəhər və rayonlarda isə taksi avtomobilləri bej rəngli olacaq. Şəhərlərarası daşımalarda istifadə olunan taksilər isə albalı rəngdə olmalıdır.

Taksilərin xarici tərtibatında da bəzi dəyişikliklər olacaq. Əvvəla maşının üzərində şahmat qaydasında düzülmüş dördbucaqlardan ibarət kompozisiyalı fərqləndirici nişan çəkilməlidir (şahmat qara-sarı və qara-ağ olmalıdır). Bu nişan avtomobilin qarşısından - kapotun ortasından üfiqi istiqamətdə uzanaraq avtomobilin damını keçməklə yük yerinin qapağının sonunda bitməlidir.

Taksilərin qapılarında fəaliyyət göstərdiyi şəhərin gerbi və ya adı, şəhərlərarası taksilərdə isə qabaq qapılarında fərqləndirici nişan və “şəhərlərarası” sözü yazılmalıdır.

Digər maraqlı yenilik taksi avtomobillərinin daxili tərtibatı ilə bağlı olacaq. Belə ki, taksilərin daxilində sərnişin üçün ön oturacağın cihaz panelində daşıyıcının adı və telefon nömrəsi, sürücü haqqında məlumatlar əks olunmalıdır. Ən maraqlı yenilik taksilərin GPS sistemi ilə təmin olunması ilə bağlıdır – standarta görə, taksi avtomobillərində taksometr, GPS-GSM monitorinq mərkəzinin GPS aparatı quraşdırılmalıdır.

Yeni standartda avtobusların xarici tərtibatı ilə bağlı tələblər indi şəhər daxilində görməyə adət etdiyimizdən çox fərqlənmir - şəhər və şəhərətrafı daşımalardakı avtobusların banının sağ yan paneli üzərində (qapılar tərəfdə) trafaretin köməyi ilə “giriş” və ya “çıxış” yazılmalıdır ki, sərnişinlər hansı qapıdan girib, hansından düşmək lazım olduğunu bilsinlər. Avtobusun üzərindəki elektron tabloda marşrutun nömrəsi, başlanğıc, son və əsas aralıq dayanacaqlarının adları göstərilməlidir.

Avtobusların daxilində isə sərnişinlər üçün əyani məlumatlar - nəqliyyat vasitəsinin nömrəsi, daşıyıcının adı və telefonu, uşaq və əlillər üçün oturacaqlar, şəhərin marşrut şəbəkəsinin sxemi və gediş haqqının ödənilməsi haqda informasiya olmalıdır.

Standartın avtobus dayanacaqları üzrə tələblərinə əsasən, əvvəla bütün dayanacaqlarda dayanacaq göstəricisi olmalıdır. Həmçinin, 15 dəqiqəyədək intervalla hərəkət edən hər avtobus marşrutları üçün dayanacağın adı, marşrutun son dayanacağının adı, hərəkətin başlama və bitmə müddəti, hərəkətin dəqiqələrlə maksimum intervalı (bu məlumatların hamısı lövhələrdə yazılmalıdır) olmalıdır.

Taksi dayanacaqları üçün əsas tələb – dayanacaq elə ölçüdə olmalıdır ki, orada eyni vaxtda 3 taksi avtomobili dayana bilsin.

Standartın sərnişin stansiya qurğuları - avtovağzal, avtostansiya və s. üçün tələblərinə əsasən, burada vizual şəkildə avtobusun yola düşmə və gəlmə cədvəli, gediş haqqı, növğədənkənar bilet alan kateqoriyalar göstərilməlidir.

Komitədən verilən məlumata görə, bu standartın tələbləri lisenziya əsasında sərnişin və yük daşıyan hüquqi və fiziki şəxslər üçün (nəzərə alsaq ki, qanuna əsasən, adı çəkilən fəaliyyətlə yalnız lisenziya əsasında məşğul olmaq mümkündür) məcburidir.

Və nəhayət, sərnişin daşımaları ilə məşğul olan şəxslərin bu standartda tələb olunan işləri görmək üçün cəmi 13 gün vaxtı var. Yeni standartlar dekabrın 20-dən tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 943

Oxşar yazılar