Bazar xəbərləri: ili kələm turşusu ilə…
07 dekabr 2010 09:32 (UTC +04:00)

Bazar xəbərləri: ili kələm turşusu ilə…

Son günlərdə Bakının bazarlarında da xeyli qiymət artımı var. Lent.az-ın məlumatına görə, indi ənənəvi ticarət mərkəzlərində, yəni “kolxoz bazar”larında daha çox mövsümi məhsullar təklif olunur. Qiymətlər isə nisbətən artıb.

İndi meyvə almaq istəyənlər yalnız almanı uyğun qiymətə ala bilər. Bir müddət bollaşan və təxminən kilosu 1 manata olan nar isə qıtlaşıb. Bu məhsulun kilosu üçün 2 manat tələb olunur. Mürəbbə bişirmək istəyənlər yeni mövsümü gözləsin. İndi yalnız heyva mürəbbəsi bişirməyin vaxtıdır, amma heyvanı da tapmaq mümkün deyil. Satıcılar deyir ki, bu il Azərbaycanda heyva yetişməyib. Bazarda az-az gözə dəyən bu meyvənin qiymət də ağlasığmaz həddədir – 3 manata. Bəzi yerlərdə isə heyva dənə ilə satılır. Biri 1 manata. Amma çiyələk mürəbbəsi bişirmək istəyənlər üçün yeni şans yaranıb. 3-cü mikrorayon bazarında Cəlilabadda yetişdirilmiş çiyələk satılır. 1 kilo 300 qramı 7 manata. Kilosu 5 manatdan yəni....

Sitrus meyvələri isə bol olsa da burada da qiymət artımı var. 1-2 həftə əvvəl kilosu 1 manata təklif olunan mandarin 50 qəpik bahalaşıb. Alıcılar deyir ki, bayramın yaxınlaşması ilə meyvələr hələ bir qədər də bahalaşacaq. Bazarlarda Lənkəran limonunu 20 qəpiyə, feyxoanın və mandarini isə daha əvvəlki kimi 1 manata deyil 1 manat 50 qəpiyə ala bilərsiniz.

Tərəvəzlərin də qiyməti artıb. İndi pomidor 2 manata deyil, 3 manata satılır. Xiyar nisbətən ucuzdur.

Göyərti isə bollaşıb. Əvvəllər 25-30 qəpiyə satılan “canlı dəstə”ni indi 20-15 qəpikdən almaq olar.

Amma evdar xanımların bir balaca sevinməyə də əsası olacaq. Çünki turşu bağlamaq istəyənlər üçün yaxşı imkan yaranıb. Mövsümdən asılı olaraq kələmin qiyməti bir qədər ucuzlaşıb. Kələmi topdan almaq istəyənlər hər kiloqramına görə 50 qəpik vermlidir. Bu da ilin yekununda kələm turşusu bağlamağa imkan verir.

Bazarlarda payıza xas olan yerli göbələk də tapmaq olar. Göbələyin kilosu 3-4 manatadır. İndi təzə və diri balıq da boldur. Bazarlarda dəniz, göl, vətəgə, hətta Naxçıvan balığı da satılır. Qiymət isə müxtəlifdir. 1 kiloluq balıq almaq istəyən ən azı 5 manat ödəməlidir.

Gündəlik tələbat malları arasında ən çox satılan kartof və soğanın qiymətində ciddi dəyişiklik yoxdur. Satıcılar, deyir indi İran və Türkiyə əvəzinə, bazarlarda Rusiya kartofu artıb.

Soğan da köhnə qiymətə satılır – 70-80 qəpik.

Yeni il bayramının yaxınlaşması ilə qoz-fındığın da qiyməti yavaş-yavaş artır. Bu məhsullar bol olsa da, qiymətlər xeyli bahadır.

Ən çox bahalaşma isə toyuq və toyuq məhsullarında müşahidə olunur. Bazarda təmizlənmiş kənd çolpası 4 manata satılır. Yumurtanın qiymətindən isə danışmağa dəyməz. 1 manata 5 yumurta almaq olar. Bazarlarda təklif olunan kənd toyuğunun yumurtası isə 30 qəpik dəyərindədir.

Ətin qiymətində isə elə bir dəyişiklik yoxdur.

Ən son bazar qiymətləri:

Kartof (yerli) - 60-80 qəp
Soğan - 70-90 qəp
Pomidor - 3 man
Xiyar - 1,5-2 man
Göyərti 15 - 20 qəp

Alma (yerli) - 0,5 – 1,5 man
Alma (xarici) - 2-3 man
Armud (xarici) - 2,5 – 4 man
Armud (yerli) - 1-2 man
Nar - 2 man
Mandarin – 1,5-2 man
Feyxoa - 1,5 2 man
Üzüm (yerli) - 3-4 man
Qoz - 4-4,5 man
Qoz ləpəsi - 8 man
Fındıq - 2,5-3 man
Fındıq ləpəsi - 5-6 man
Şabalıd - 8-10 man

Ət (quzu) - 7 man 50 qəp
Ət (qoyun) - 6-7 man
Ət (mal) - 5 man 50 qəp
Yumurta (kənd) - 30 qəp
Yumurta (broyler) - 18 -20 qəp

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1046

Oxşar yazılar