Məhərrəm ayının başlanması münasibətilə fətva verildi
06 dekabr 2010 17:24 (UTC +04:00)

Məhərrəm ayının başlanması münasibətilə fətva verildi

Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətindən məlumat verilib. Fətvada Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası nəzərinizə çatdırır ki, yeni 1432-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimi ilə 2010-cu il dekabr ayının 7-nə təsadüf edir.

“Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay müqəddəs İslam dinimizdə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura - Məhərrəm ayının 10-cu günü-İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub. Müsəlman ümmətinin tarixinə ən acı, lakin, eyni zamanda insanlara qeyrət, qürur bəxş edən bir hadisə kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir”, - deyə fətvada bildirilir.

Fətvada Aşura gününün 2010-cu il dekabr ayının 16-na təsadüf etdiyi qeyd olunub.

“Kərbəla şəhidlərinin xatirəsinin yad edildiyi təziyə günləri münasibətilə bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik. Aşura mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalıdır. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir. Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən, xalqımız tərəfindən təqdir edilən və İmam Hüseyn əleyhissəlam naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Bu təcrübə örnək olaraq müsəlmanlar arasında yayılmalıdır. Ümidvarıq ki, inşaallah, dindarlarımız bu il də İmam Hüseyn təziyədarlığı ilə İslamın şəhidlik fəlsəfəsinin mahiyyətinə daha dərindən yiyələnəcəklər. Bu hikməti dərk edən və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsini əziz tutan xalqımız sıx birləşərək torpaqlarımızın bütövlüyünü, Vətənimizin davamlı tərəqqisini, müqəddəs dini-mənəvi dəyərlərin təntənəsini təmin etmək yolunda daha artıq əzmkarlıq nümayiş etdirəcəkdir, inşaallah”, – deyə fətvada bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar