Köçkünlərə mənzil tikintisi üçün 1582,8 hektar torpaq ayrılıb
03 dekabr 2010 15:32 (UTC +04:00)

Köçkünlərə mənzil tikintisi üçün 1582,8 hektar torpaq ayrılıb

Məcburi köçkünlər üçün hündür mərtəbəli binaların tikintisi məqsədilə bu il ərzində Bakıda müxtəlif ərazilərdə bir neçə torpaq sahələri ayrılıb. Artıq həmin torpaq sahələrinin sənədləşməsi də başa çatıb.

Lent.az-ın məlumatına görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bu gün YAP qərargahında keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində ayrılmış 22 hektar torpaq sahəsində təxminən 7-8 hündür mərtəbəli binadan ibarət şəhərcik salınacaq: “Artıq Müşfiqabadda iş gedir, bizim komitənin əməkdaşları təxminən 7-8 ay əvvəl yeri gedib ərazini seçiblər”.

Bundan başqa, Bakı şəhərindəki yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Masazırda 15 hektar sahə ayrılıb. Həmçinin Mehdiabadda və Ramanada da məcburi köçkünlər üçün çoxmərtəbəli və fərdi mənzillər tikiləcək. Qərib Məmmədov deyib ki, Ramanada birinci dəfə 6, ikinci dəfə isə 80 hektar yer ayrılıb. Onun sözlərinə görə, həmin məqsədlər üçün 2010-cu ildə Abşeron rayonu üzrə ümumilikdə 12, Ağcabədidə 627,4 hektar, Beyləqanda 632,4 hektar, Göygöldə 20 hektar, Füzulidə 291 hektar olmaqla cəmi 1582,8 hektar torpaq sahələrinin yeri müəyyənləşdirilib və Nazirlər Kabinetinə təqdim olunub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922

Oxşar yazılar