Mətbuat Şurasında Türkiyənin media təmsilçiləri ilə görüş keçirilib
01 dekabr 2010 17:54 (UTC +04:00)

Mətbuat Şurasında Türkiyənin media təmsilçiləri ilə görüş keçirilib

Bu gün Azərbaycanda səfərdə olan Türkiyənin media təmsilçilərindən ibarət nümayəndə heyəti Mətbuat Şurasında olub. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Türkiyə Cümhuriyyəti Nazirlər Kabinetinin mətbuat-yayım və informasiya idarəsinin baş müdiri Murat Karakaya, bu qurumun təmsilçiləri Bahəddin Akyön, Abdullah Uzun, İsmail Kozan, o cümlədən TRT-nin təmsilçiləri, Türkiyənin nüfuzlu ali məktəblərinin jurnalistika fakültələrinin mütəxəssisləri daxildir.


Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə və Azərbaycan mediası arasındakı əlaqələrin tarixindən söhbət açıb. O, Azərbaycan ictimai fikrinin həmişə ümumtürk ictimai fikrindən qidalandığını və Əli bəy Hüseyenzadə, Əhməd Ağaoğlu, Ziya Göyalp kimi müştərək dühalarımızın olduğunu bildirib. Əflatun Amaşov deyib ki, hər iki ölkənin mediası müasir dövrdə bir sıra tarixi sınaqlardan üzüağ çıxmağı bacarıb, Türkiyə və Azərbaycan arasındakı əlaqələrə maneə olan qüvvələrə qarşı ortaq mövqe nümayişini bacarıb.


Türkiyə mediasının Qərb mediasının mühüm tərkib hissəsi olduğunu dilə gətirən Mətbuat Şurasının sədri bu medianın təcrübəsinin öyrənilməsinin və tətbiqinin zəruri olduğunu önə çəkib: “Azərbaycan Mətbuat Şurası Türkiyə təcrübəsinin öyrənilməsinə böyük önəm verir. Müxtəlif illərdə Mətbuat Şurasının təşəbbüsü və Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə hər iki ölkənin media təmsilçilərinin iştirak etdikləri konfranslar və seminarlar keçirilib. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərləri təşkil olunub. Bu, qarşılıqlı əməkdaşlığın gücləndirilməsində vacib amillərdir”.


Mətbuat Şurasının sədri hər iki ölkənin media sahəsindəki əlaqələrinin dərinləşməsində, səmərəli əməkdaşlığın qorunmasındakı xidmətlərinə görə Murat Karakayanı Mətbuat Şurasının xüsusi diplomu ilə təltif edib. Mətbuat Şurasına təşəkkür edən Murat Karakaya deyib ki, müxtəlif sahələrdə birgə uğurlu nəticələr əldə edən ölkələrin media sahəsində də əməkdaşlığının sistemli xarakter alması zəruridir. Murat Karakaya təmsil olunduğu qurumun təcrübəsinin Azərbaycan mediasında daha yaxından tətbiqi üçün dəstəyini əsirgəməyəcəyini vurğulayıb.


Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif aspektlərinə dair fikir mübadilələri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 539

Oxşar yazılar