Azərbaycanda pensiyaların orta məbləği 111,3 manatdır
26 noyabr 2010 16:02 (UTC +04:00)

Azərbaycanda pensiyaların orta məbləği 111,3 manatdır

Oktyabrın 1-ə olan məlumata əsasən, hazırda Azərbaycanda 1 milyon 289 min 844 nəfər əmək pensiyası alır. Onlardan 318 min 991 nəfəri əlilliyə, 836 min 68 nəfəri yaşa, 134 min 785 nəfəri ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a açıqlamasında bildirib ki, bu ilin 9 ayı ərzində Azərbaycanda təyin olunmuş aylıq pensiyaların orta məbləği 111,3 manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artım deməkdir. Hazırda Azərbaycanda orta aylıq pensiya orta aylıq əmək haqqının 35 faizini təşkil edir.

Elman Babayev deyib ki, əmək pensiyaları sahəsində qanunvericiliyə edilən dəyişikliklərdən sonra sadələşdirilmiş yeni qaydaların tətbiqi Azərbaycanda pensiyaların məbləğinin artımına, minimum məbləğlə pensiya təyinatının aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib çıxarmaqdadır. Belə ki, bu ilin ötən dövrünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq pensiya məbləği 111 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olub. Onun sözlərinə görə, bu qaydaların tətbiqinədək pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu və əvvəlki qayda ilə hesablama zamanı elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda pensiyalar minimum məbləğlə ifadə edilirdi: «Artıq bu çatışmazlıqlar tam aradan qaldırılıb. Sosial sığortalanma 1992-ci ildən tətbiq olunsa da, vətəndaşların bütün işlədiyi dövrə sığorta kapitalının (2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 170 manat) hesablanmasına keçilib.

Xatırladaq ki, əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar