Səlim Müslümov beynəlxalq foruma qatılacaq
25 noyabr 2010 12:55 (UTC +04:00)

Səlim Müslümov beynəlxalq foruma qatılacaq

Gələn həftənin bazar ertəsi Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində Dünya Sosial Təminat Forumu başlayacaq. Dekabrın 4-dək davam edəcək forumda Dövlət Sosial Müdafiə Fondunun sədri (DSMF) Səlim Müslümov da iştirak edəcək.


DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a bildiriblər ki, tədbir Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) və Cənubi Afrika Respublikasının Sosial İnkişaf Departamentinin birgə təşkilatçılığı ilə keçiriləcək. Dünya Sosial Təminat Forumunda müxtəlif ölkələrin pensiya və sosial sığorta təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, siyasətçi və alimlərin iştirakı nəzərdə tutulur. Forumda iqtisadi böhran şəraitində sosial təminat sahəsində inkişaf və tendensiyalar, sosial təminat təşkilatlarının idarə olunmasında yeni yanaşmaların müəyyən olunması, əksər dünya ölkələri üçün ciddi problem olan demoqrafik vəziyyətin və başqa mövzuların müzakirəsi planlaşdırılır.


Forum çərçivəsində BSTA-nın 30-cu Baş Assambleyası, Büro və Şurasının iclasları da keçiriləcəkdir. Hər üç ildən bir keçirilən BSTA-nın Baş Assambleyasında təşkilatın Prezidenti, Baş katibi, Xəzinədarı, Nəzarət komissiyasının üzvləri və texniki komissiyaların sədrləri kimi yüksək vəzifələrə seçkilər təşkil olunur.


Xatırladaq ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz BSTA-nın büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Ölkəmiz Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar