Bakıda 93 avtobus marşrutu ləğv olunacaq
24 noyabr 2010 13:52 (UTC +04:00)

Bakıda 93 avtobus marşrutu ləğv olunacaq

Nəqliyyat Nazirliyi paytaxtda şəhərdaxili sərnişindaşıma xidməti göstərən 93 avtobus marşrutunu ləğv etməyi planlaşdırır. Bu qədər avtobus marşrutunun ləğvi Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulub.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirib ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, marşrutlarının optimallaşdırılması prosesi davam etdirilir. Bu məqsədlə bir-birini təkrarlayan marşrutların ləğv edilməsi və ya bir marşrutda birləşdirilməsi, eləcə də kiçik tutumlu avtobusların iri və orta tutumlu avtobuslarla əvəz olunması istiqamətində iş aparılır. Aparılan optimallaşdırma işləri ilə əlaqədar Bakı şəhərində mövcud olan 310 sayda marşrutdan yalnız 217-si saxlanılacaq. Bu isə o deməkdir ki, hazırda sərnişindaşıma xidməti göstərən marşrutlardan 93-ü ləğv olunacaq.

Nazirlikdə bildirirlər ki, Bakı şəhərində optimallaşdırma işləri mərhələli şəkildə aparılır və ilk növbədə şəhərin mərkəzi hissəsi, sonra isə ətraf sahələrdə istismar olunan kiçik tutumlu avtobuslar iri və orta tutumlu avtobuslarla əvəz olunur. Həmçinin bir-birini təkrarlayan marşrutlar ləğv edilir. Aparılan bu işlər nəticəsində marşrutlarda istismar olunan 3300 sayda kiçik tutumlu avtobuslardan 1496 sayda xətdən çıxarılıb və əvəzində Bakı şəhərinə gətirilən 1130 sayda iri və 674 sayda orta tutumlu avtobuslar istismara verilib.

Xatırladaq ki, Bakı şəhərində avtomobil nəqliyyatı vasitələrinin təşkili və tənzimlənməsi işlərinə görə xüsusi razılıq (lisenziya) və fərqlənmə nişanlarının verilməsi eyni zamanda həmin nəqliyyat vasitələrinin texniki istismar, təhlükəsizlik ekoloji tələblərə uyğunluğu Nazirlər Kabinetinin 2006-cı il 21 fevral 56 nömrəli qərarı, 2006-cı il 09 fevral 40 saylı qərarı, 2009-cu il 20 may tarixli 82 nömrəli qərarına müvafiq olaraq həyata keçirilir. Son 4 ay ərzində Bakı şəhərində 500 ədəd yeni iri tutumlu avtobus xəttə buraxılmışdır və bu iş davam edir.

Nəqliyyat Nazirliyində bildirirlər ki, ölkə başçısının 2007-ci il 26 oktyabr tarixli 2469 nömrəli sərəncamına əsasən Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin əhatə dairəsinə düşən 664 sayda avtobus dayanacaqlarının yerləri “Azəryolservis” ASC, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti və “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin əməkdaşları ilə birlikdə müəyyənləşdirilib və həmin yerlərdə ciblərin inşasına və dayanacaqların quraşdırılmasına başlanılıb. Hazırda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən intellektual idarəetmə sisteminin əhatə dairəsinə düşən 375 sayda dayanacaq quraşdırılıb və daha 289 sayda dayanacağın quraşdırılması nəzərdə tutulub. Hazırda 29 cib inşa edilmişdir və 635 sayda cibin inşası nəzərdə tutulub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1519

Oxşar yazılar