Təhsildə İKT-nın tətbiq dairəsi genişlənəcək
22 noyabr 2010 17:26 (UTC +04:00)

Təhsildə İKT-nın tətbiq dairəsi genişlənəcək

Bu gün Bakıda “Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilib.

Lent.az-ın məlumatına görə, “Gülüstan” Sarayında təşkil olunan konfransda Təhsil, İqtisadi İnkişaf, Maliyyə, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin rəhbərlərinin, habelə Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadənin, UNESCO, “Mikrosoft” və “İntel” şirkətlərinin nümayəndələrinin də qatıldığı tədbirdə informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi vəziyyəti geniş müzakirə olunub. Konfransda təqdimatla çıxış edən təhsil naziri Misir Mərdanov müvafiq dövlət qurumlarının rəhbərlərinin, İKT sahəsində xidmət göstərən korporativ şirkətlərin, habelə elm və təhsil mərkəzlərinin nümayəndələrinin qatıldığı tədbirin ölkə təhsili üçün xüsusi əhəmiyyət daşıdığını söyləyib. Nazir deyib ki, təhsildə İKT-nin tətbiqi üzrə 2005-2007-ci illəri əhatə edən Dövlət Proqramının icrası nəticəsində dövlət vəsaiti hesabına 3693 məktəbə 31 677 kompüter verilib. Həmçinin proqram çərçivəsində 1103 noutbuk və proyektor dəsti alınaraq şagirdlərə çatdırılıb, 2000-dən çox yüksək bilik və bacarığa malik laborant məktəblərdə işə götürülüb.

Misir Mərdanov bildirib ki, həmin proqrama uyğun olaraq, 2 il ərzində Azərbaycan tarixi, kimya, fizika və biologiya fənləri üzrə elektron tədris vəsaitləri hazırlanıb. Həmçinin Bakı, Sumqayıt və Gəncə şəhərlərində 7500 müəllim İKT sahəsində treninqlərə cəlb olunub.

Nazir deyib ki, həmin proqramın icrası nəticəsində həm Təhsil Nazirliyi sistemində, həm də məktəblərdə bu təcrübəyə yiyələnmiş çoxlu sayda mütəxəssis yarandı. Bundan sonra ölkə başçısının tapşırığı ilə təhsildə İKT-nin inkişaf etdirilməsi məqsədilə yeni Dövlət Proqramı hazırlandı. Onun sözlərinə görə, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nda təhsildə İKT infrastrukturunun inkişafı və normativ-hüquqi bazanın yaradılması qarşıya vacib məqsəd kimi qoyulub.

Bununla belə, hazırda icra vəziyyətində olan proqram çərçivəsində təhsildə İKT infrastrukturunun inkişaf dinamikası əvvəlki proqramla müqayisədə zəifdir. Belə ki, 2008-ci ildən bəri proqram çərçivəsində məktəblərə cəmi 2031 kompüter, 602 noutbok, 2077 netbuk, 603 proyektor, 30 çap qurğusu verilib. Ümumilikdə isə son üç ildə 33 təhsil müəssisəsi İKT sisteminə qoşulub və hazırda həmin məktəblər davamlı olaraq, internetlə təmin olunur.

Misir Mərdanov deyib ki, hazırda “Elektron məktəb” pilot layihəsinin icra olunduğu məktəblərin sayı 30-a çatdırılıb. Onun sözlərinə görə, son 2 ildə müəllimlərin işə qəbulu da elektron sistem vasitəsilə aparılır: “İki ildə məktəblərdə 287 vakant yer olub. Bu yerlərə qarşı 5 min iddiaçı müəllimin ərizələrini elektron şəkildə qeydiyyata alınmışdı. Nəticədə 5 min iddiaçının arasında 287 müəllimi birbaşa təmas olmadan elektron sistem vasitəsilə seçib işə qəbul etdik”.

Nazir deyib ki, Dövlət Proqramı çərçivəsində 55 min 680 müəllim özünün İKT sahəsində bilik və bacarıqlarını artırmağa nail olub. Bundan başqa, 7800 nəfərlik inzibati heyət, 1200 texniki işçi İKT sahəsində işləmək vərdişlərinə yiyələnib.

Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə çıxışında təhsildə İKT-nin inkişaf dinamikasının artdığını söyləyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda ümumi internet istifadəçilərinin 10 faizə qədəri təhsil sisteminin payına düşür.

Elmir Vəlizadə Rabitə və İnformasiya Texnologiyalarının Nazirliyinin həyata keçirdiyi “Xalq kompüteri” layihəsi barədə də məlumat verib. O qeyd edib ki, indiyədək bu layihədən 90 mindən çox müəllim bəhrələnərək kompüterlərə sahib olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1260

Oxşar yazılar