Elçin Mirzəbəyli: “Ciddi planlarımız var” - MÜSAHİBƏ
19 noyabr 2010 17:44 (UTC +04:00)

Elçin Mirzəbəyli: “Ciddi planlarımız var” - MÜSAHİBƏ

“Xalq Cəbhəsi” qəzetinin yaranmasından 9 il ötür. Bəs qəzet necə yaranıb, bu gün necə yaşayır? Suallarımızı “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli cavablandırır...

- Mən həmişə bu qəzeti yaradan insanların xidmətini yüksək dəyərləndirmişəm. Qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızıdır və qəzet yarandığı ilk gündən özünəməxsus dəst-xətti olub. Qəzetdə ölkədəki və dünyadakı proseslərə fərqli bir yanaşma tərzi olub və bu gün də həmin yanaşma tərzi qalır. “Xalq Cəbhəsi” qəzetinin siyasi proseslərə yanaşma tərzi ola bilər ki, bəzi insanlar tərəfindən qəbul edilməsin. Bu, təbiidir. Amma bütövlükdə “Xalq Cəbhəsi”nin simasına diqqət yetirəndə açıq-aydın görünür ki, bu, millətin, xalqın qəzetidir, öz ideyalarına bağlı olan mətbuat orqanıdır. O baxımdan, 9 il öncə “Xalq Cəbhəsi” necə yaranıbsa, o təməl prinsiplər – Bütöv Azərbaycançılıq, türkçülük, milli ideyalara sədaqət üzərində yolumuzu davam etdiririk. İnşallah, bundan sonra da belə olacaq.

- Qəzetin inkişafı ilə bağlı hansı planlarınız var?

- Ciddi planlarımız var, amma bu planları açıqlamaq istəməzdim. Bu günə qədər qəzetdə fəaliyyət göstərən və öz əməyini əsirgəməyən insanlarla birlikdə bir sıra planlarımız var. Bu planlar ilk növbədə qəzetə müasir medianın elementlərini gətirmək, bunları daha da artırmaqla bağlıdır. Bu istiqamətdə mətbuat üçün açıqlanmayan məsələlər var ki, o işlərlə məşğul olacağıq. 2-3 ay ərzində qəzetin səhifəsində hər kəs bunu görəcək. Bu, qəzetin dizaynından başlamış ümumi fəaliyyət prinsiplərinə qədər yeniliklər olacaq.

- “Xalq Cəbhəsi” qəzeti hazırkı şəraitdə müstəqilliyini nə dərəcədə qoruya bilib?

- Mövcud Azərbaycan reallığından “Xalq Cəbhəsi” qəzeti öz prinsiplərinə uyğun olaraq fəaliyyət göstərib. İndi kimsə bunu öz yanaşma müstəvisində qeyri-müstəqillik hesab edir, bu, onun problemidir. Ancaq qəzetimizin səhifələrinə diqqət yetirən insanlar açıq şəkildə görərlər ki, bu gün özünü müstəqil və tərəfsiz adlandıran əksər mətbuat orqanlarından biz daha tərəfsiz və daha müstəqilik. Bu müstəqillik ilk növbədə Azərbaycanın milli maraqlarına münasibətdə özünü büruzə verir. Mənə elə gəlir ki, əsas prinsip də budur. Millətin maraqlarına münasibətdə müstəqil olmaq, öz prinsiplərinə sədaqət nümayiş etdirmək və hər hansı bir xarici təsirə məruz qalmamaq ən böyük müstəqillikdir.

- 10 yaşına qədəm qoyacaq “Xalq Cəbhəsi”nin qəzet bazarında daha böyük yer tutması istiqamətində hansı işlər görmək niyyətindəsiniz?

- Yayımla bağlı planlarımız var. Bu, ardıcıl bir layihə şəklində həyata keçiriləcək. Yenə də deyirəm ki, bunu hələ mətbuata açıqlamaq düzgün olmaz. Çünki bu, hələlik planlardır. Ən əsası odur ki, biz bundan sonra atacağımız addımları, konkret nə edəcəyimizi çox yaxşı bilirik. Bir müddətdir ki. bu prosesin bazasının yaradılması istiqamətində addımlar atılır. İnsanın, fərdlərin, kollektivin düşüncəsində qəzetin gələcəyi ilə bağlı prosesləri aydın şəkildə görmək mümkündürsə, canlanırsa, bu, artıq irəliləyiş deməkdir. Bu gün Azərbaycan çap mediasında statik bir görüntü var. Biz bu statik görüntüdən çıxmaq, bu görüntünü dəyişmək istəyirik və tamamilə yeni metodlarla özümüzü oxucuya təqdim etmək istəyirik.

- Qəzetin internet versiyasını necə, inkişaf etdirmək barədə düşünürsünüz?

- Bu barədə düşünürük. Ancaq ilk növbədə çap versiyanın üzərində daha çox işləməyə ehtiyac var. Zamanı gələndə internet versiyası ilə bağlı da addımlar atılacaq. İndiki məqamda bu iki prosesi paralel aparmaq bir az çətin olar. Çünki internet medianın öz tələbləri var və Azərbaycanda son dövrlərdə bu istiqamətdə çox ciddi addımlar atılır. Xüsusən də mən Lent.az layihəsini çox bəyənirəm və gündəlik oxuduğum internet media strukturlarındandır. Bu gün Azərbaycanda olan internet media ilə rəqabət aparmaq üçün çox ciddi hazırlıq görmək lazımdır. Digər tərəfdən, yuxarıda da vurğuladığım kimi, “Xalq Cəbhəsi” ilk növbədə çap media orqanıdır. Bu baxımdan qəzet versiyasının inkişafı üçün daha çox çalışacağıq. Müəyyən zaman kəsimindən sonra da qəzetin internet versiyasının inkişafı üzərinə qayıdacağıq.

Sonda “Xalq Cəbhəsi”nin işıq üzü gördüyü ilk gündən başlayaraq, bu qəzetin ilk baş redaktoru, redaktoru olan, jurnalist, texniki işçi kimi fəaliyyət göstərən hər kəsə özümün dərin ehtiramımı və minnətdarlığımı bildirirəm. Hər şeyə görə çox sağ olsunlar. Çox sağ olsunlar ki, onlar Azərbaycan mətbuatına “Xalq Cəbhəsi” kimi millətin, xalqın maraqlarının keşiyində dayanan, prinsipial mövqeyi ilə seçilən bir mətbuat orqanı bağışlayıblar.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 744

Oxşar yazılar