“Azercell” jurnalistlər üçün ingilis dili kursları təşkil edir
19 noyabr 2010 17:42 (UTC +04:00)

“Azercell” jurnalistlər üçün ingilis dili kursları təşkil edir

Noyabrın 19-da “Azercell Telekom” MMC Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı təşkil edib. Tədbirdə jurnalistlər üçün təşkil olunan ingilis dili kursları ilə bağlı təqdimat mərasimi baş tutub. Toplantıya layihə rəhbərləri ilə yanaşı, kurs iştirakçıları da qatılıblar.

Artıq üçüncü dəfədir ki, “Azercell” mətbuat nümayəndələri üçün ödənişsiz ingilis dili kursları təşkil edir. Təqdimat mərasimində çıxış edən Korporativ Ünsiyyət Bölümünün rəhbəri Ülviyyə Həsənzadə çıxış edərək bildirib: ““Azercell Telekom” MMC hər zaman jurnalistlərin peşəkar bacarıqlarının artması naminə layihələr həyata keçirir və bu ingilis dili kurslarının təşkili artıq bir ənənəyə çevrilib. Kursların məqsədi Azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrindən maneəsiz istifadəsinə yardımçı olmaqdan ibarətdir”.

Bu dəfə ingilis dili dərsləri “Kaspi” Təhsil Mərkəzində keçiriləcək. Mərkəzin təsisçisi Sona Vəliyeva çıxışında qeyd edib: “Yerli və əcnəbi mütəxəssislər tərəfindən aparılacaq tədris prosesində müasir metodlardan istifadə olunacaq. 6 aylıq kursları uğurla bitirən jurnalistlər sertifikatlarla təltif olunacaqlar. Ümid edirik ki, “Azercell” şirkəti ilə birgə ilk dəfə həyata keçirdiyimiz bu layihə davamlı olacaq və yüzlərlə jurnalistlərin bu imkandan bəhrələnməsinə zəmin yaradacaq”.

Qeyd edək ki, “Azercell” bundan əvvəl də jurnalistlər üçün 2 dəfə pulsuz ingilis dili kursları təşkil edib. Bu dəfə kurslarda iştirak etmək üçün 30-a yaxın jurnalist müsabiqə yolu ilə seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1173

Oxşar yazılar