“Hacı”, “Məşədi”, “Kərbəlayi”... - ARAŞDIRMA
19 noyabr 2010 12:18 (UTC +04:00)

“Hacı”, “Məşədi”, “Kərbəlayi”... - ARAŞDIRMA

Son vaxtlar müqəddəs dini ibadət mərkəzlərinin ziyarəti zamanı zəvvarların xoşagəlməz hadisələrlə üzləşməsi, bəzi hallarda isə hətta silahlı hücumların, partlayışların qurbanı olması yeni suallar ortaya çıxarır. Hətta Məşhəd, Kərbəla, Nəcəf və digər şəhərlərə ziyarətlərin müsəlmanlar üçün vacib olub-olmadığı da müzakirə və mübahisə obyektinə çevrilib. Bu məsələ İslam dünyası üçün müqəddəs sayılan Həcc ziyarəti ərəfəsində bir qədər də aktuallaşıb.

Lent.az Həcc, eləcə də Kərbəla və Məşhəd ziyarətlərinin vacibliyi ilə bağlı kiçik araşdırma aparıb. Bu araşdırmada həm də müqəddəs sayılan dini ibadət ocaqlarını ziyarətin kökünün haradan gəldiyini, “Qurani-Kərim”də bununla bağlı müsəlmanlara vacib buyurulan və tövsiyə olunan hansısa çağırışların olub-olmadığını öyrənməyə çalışmışıq.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin rəhbəri hacı Müqəddəs Payızov deyir ki, onun təmsil etdiyi qurum hər il İranın Məşhəd şəhərinə ziyarət təşkil edir. Onun sözlərinə görə, növbəti belə ziyarət noyabrın sonlarında gerçəkləşəcək.

Kərbəla və Məşhədə ziyarətlərin dini dəyərlər baxımından əhəmiyyətinə gəlincə, QMİ rəsmisi bildirir ki, Nəcəfdə, Kərbəlada və Kufidə, Samirədə və digər şəhərlərdə imamların qəbirləri var və şiə məzhəbindən olan müsəlmanlar istədikləri vaxt həmin qəbirləri ziyarət edə bilir.

Binəqədi dini icmasının rəhbəri Mirpaşa Bayramov isə Həcc ziyarətinin bütün müsəlmanlar üçün gərəkli sayıldığını söyləsə də, Məşhəd, Kərbəla və digər şəhərlərdəki ibadət ocaqlarını bu sıraya daxil etmir. Əksinə, Məşhəd, Kərbəla ziyarətləri dindar cameənin özfəaliyyəti kimi dəyərləndirir. Onun sözlərinə görə, Məşhəd, Kərbəla və Suriya paytaxtı Dəməşq şəhərində xanım Zeynəbin ziyarəti pərakəndə olaraq davam etdirilir. Bu ziyarətlər isə qrup şəklində və ya fərdi qaydada gerçəkləşir: “Bu tip məsələlərdə heç bir qadağa yoxdur, kim necə dərk edirsə, o cür də ziyarətini edir. Hətta ayrı-ayrı dindarlar da fərdi qaydada müqəddəs saydığı ziyarətlərə istədiyi vaxt gedə bilər”.

Yeri gəlmişkən, şiə məzhəbli müsəlmanlar Kərbəla, Məşhəd, Mədinə, Məkkə kimi yerləri ona görə ziyarət edirlər ki, imamların qəbirləri məhz bu şəhərlərdədir. Belə ki, müsəlmanların özlərinə örnək saydığı 12 imamdan 6-sının qəbri İraqda, 4-ünün qəbri Səudiyyə Ərəbistanında, 1-i isə İran ərazisindədir. Sonuncu imamın isə qeyb olduğu deyilir.

İmamların adlarını və onların dəfn olduğu şəhərlərin adlarını təqdim edirik:

Birinci İmam Həzrət Əli (İraq, Nəcəf)
İkinci İmam Həsən (Səudiyyə Ərəbistanı, Mədinə)
Üçüncü İmam Hüseyn (İraq, Kərbəla)
Dördüncü İmam Səccad (Səudiyyə Ərəbistanı, Mədinə)
Beşinci İmam Məhəmməd Baqir (Səudiyyə Ərəbistanı, Mədinə)
Altıncı İmam Cəfər Sadiq (Səudiyyə Ərəbistanı, Mədinə)
Yeddinci İmam Museyi Kazim (İraq, Bağdad)
Səkkizinci İmam Rza (İran, Məşhəd)
Doqquzuncu İmam Cavad (İraq, Kazimeyn)
Onuncu İmam Əliyən-Nəqi (İraq, Samirə)
On birinci İmam Həsən Əsgəri (İraq, Samirə)
On ikinci İmam Mehdi Sahib əz-Zaman (qeyb olub).

Mirpaşa Bayramov hesab edir ki, Kərbəla, Məşhəd, Nəcəf və digər müsəlman şəhərlərindəki müqəddəs ocaqların ziyarət olunması şəriət baxımından vacib deyil. Ancaq onun fikrincə, müsəlmanların insani əxlaqlarına görə peyğəmbərlərin, imamların qəbirlərinin olduğu yerləri ziyarət etməsi gərəklidir.

Əmr-vacib, yoxsa...

Qaradağ Dini İcmasının rəhbəri Ramil Həsənzadə də hesab edir ki, imkanı olan hər bir müsəlmana Həcc ziyarəti vacib əməllərdən hesab olunur. Məşhəd və Kərbəla ziyarətləri isə vacib yox, müstəhəb, yəni savab sayılır: “Həccə getmək müsəlmana vacib, peyğəmbərin qəbrini ziyarət etmək isə müstəhəbdir. Bir var vacib əməllər, bir də müstəhəb, yəni Allahın bəyəndiyi işlər. O şəxslər ki Allahın övliyaları olublar, Allahla insanlar arasında rabitəçi olublar, onların müsəlmanların boynunda haqqı var. Ümumiyyətlə, İslamda haqq heç vaxt itirilmir. Peyğəmbər buyurub ki, hər kəs bəndələrə təşəkkür etməyi bacarmasa, onda Allaha da şükür etməmiş kimidir. Yəni insanlar bir-birinə təşəkkür etməklə həqiqi şükürün nə olduğunu dərk edirlər. Bu şəxslər də bizim yolumuzda çox əzab-əziyyət çəkiblər. Bu gün biz İslamda varıqsa, onların çəkdiyi müsibətlərin hesabına olub”.

Ramil Həsənzadə, buna misal olaraq, müasir dövrdən nümunə gətirir. Onun sözlərinə görə, dini tələblərdə, məsələn, 20 Yanvar şəhidlərini ziyarət etmək də vacib buyurulmayıb. Ancaq bunun savabı böyükdür, çünki onlar müsəlman torpağının azaldığı və müsəlmanların asayişinin qorunması uğrunda şəhid olub. Bununla da şəhidlər sağ qalanların və sonrakı nəslin boynuna bir haqq qoyublar ki, gedib onları ziyarət etsin.

İcma sədri söyləyir ki, hədislərin birində “hər kəs bir şəhidi ziyarət etsə, filan qədər əcri var, savab qazanır” deyilir. Məsələn, İmam Hüseyn haqqında hədisdə deyilir ki, hər kəs onun zəvvarı olsa, qiyamət günü İmam Hüseyn ona şəfaətçi olar: “Ən dahi şəxslərimizdən olan Məhəmməd Füzuli öz vəsiyyəti ilə İmam Hüseyn Ağanın ayaqları altında dəfn olunub. O, ömrünün bir hissəsini İmam Hüseynin hərəmində xidmətçi işləyib. Yəni o cür dahi insan bunu edibsə, deməli, burada nəsə var. Onlar çox şeyləri dərk ediblər, onlar hər şeyə bizim kimi laqeyd deyildilər. Biz Məhərrəmlikdə ağlayırıq, cahilyana formada dərk edirik İslami dəyərləri. Alimlərin imamlarımızı dərk etmələri isə tamam başqa cürdür”.

“Mənəvi dünya” İctimai Birliyinin sədri, ilahiyyatçı Şahin Həsənli deyir ki, bütün islam məzhəblərinin yekdil fikrinə əsasən, Həcc ziyarəti müsəlmanlara vacib buyurulub və imkanı olan, sağlamlığı yol verən hər kəs ömürdə bir dəfə həcci ziyarət etməlidir: “Bu, “Quran”ın dəvətidir və vacib ziyarət hesab olunur. İmkanı olub bu ziyarəti etməyən insanlar günaha batmış olur”.

Bununla belə, müsahibimiz hesab edir ki, imamların və peyğəmbərlərin qəbirlərinin ziyarəti İslamda vacib hökm deyil. Onun sözlərinə görə, bu, çox təkid olunan və bəyənilən əməllərdən biridir: “Son dövrlərdə müxtəlif firqələr, təriqətlər var ki, qəbir ziyarətini Allaha şərik qoşma kimi təqdim edirlər. Amma istər əhli-sünnə, istərsə də digər məzhəbinin nümayəndələri, bütün ənənəvi məzhəblər övliyaların qəbirlərinin ziyarətini bəyənilmiş əməl hesab edir. Lakin burada qəbirə tapınmadan, qəbirə ibadətdən söhbət getmir, sadəcə Allaha yaxın olan bəndələri ziyarət etmək vasitəsilə insan Allaha yaxınlaşmış olur. Ona görə də bu ziyarətlər ənənəvi islam məzhəbləri tərəfindən məqbul və bəyənilmiş əməl kimi qəbul edilir”.

Dini titul həvəsi

Müsahibimiz deyir ki, “hacı”, “məşədi” titul deyil və indiyədək dində, heç bir kitabda buna dair hökmlə rastlaşmayıb. Həmçinin indiyədək heç bir müctəhid də deməyib ki, Məşhədə gedənlər “məşədi”, Kərbəlaya gedənlərə “kərbəlayi”, Həccə gedənlərə “hacı” adlandırılsın. Şahin Həsənlinin fikrincə, bu, sadəcə, el arasında Məşhədə, Kərbəlaya, həmçinin Həccə ziyarətə gedənlərə bir ehtiramdır: “Əvvəllər ziyarətə getmək onlara o qədər müqəddəs və çətin olub ki, bu insanlara ziyarəti edənlərə müvafiq olaraq “məşədi”, “kərbəlayi”, “hacı” deyirlər. Amma bunun dini cəhətdən heç bir elmi sübutu yoxdur. Bu, insana heç bir üstünlük də vermir”.

Şahin Həsənli deyir ki, dini inanclara əsasən, insanlara yalnız əməlinə görə qiymət verilə bilər: “Dini ibadət ocaqlarını ziyarət edənlər üçün titulların, adların nə əhəmiyyəti var, nə də onu Allah tanıyır. Allah yalnız əməli saleh insanları tanıyır”.

Müsahibimiz bildirir ki, müqəddəs dini ocaqları ziyarət edənlərin “məşədi”, “kərbəlayi”, “hacı” adlandırılması dini maarifləndirmənin aşağı səviyyədə olmasının nəticəsidir: “Bizdə dini təhsil müəssisələri yoxdur. Yalnız Bakı İslam Universiteti var, orda da təhsilin bir ili 2 min manatdır və burada hər kəsin oxumağa gücü çatmır. Məscidlərdə isə dərslər keçirilmir”.

Şahin Həsənli gənclərin dini təhsil dalınca xaricə üz tutmasını da bəyənmir. Onun fikrincə, İslamı düzgün dərk etmək və dini zərərlərdən yayınmaq üçün dövlət səviyyəsində məktəblər yaradılmalı və ruhanilər dini təhsil almaq arzusunda olanlara təmənnasız bilik öyrətməlidir: “Gərək belə tədris ocaqları yaransın ki, gənclər də öz Azərbaycanımızda dinimizi öyrənsin. Sabah da heç kəs onlar haqqında bədgüman olmayaq ki, bu filan yerə işləyir, başqası hansısa əməllərə qulluq edir. Yəni öz məktəblərimiz olmalıdır ki, gənclərimizi də öz yerli ruhanilərimiz yetişdirsin. Neçə ki musiqi məktəbləri, şahmat klubları var, dini tədris müəssisələri də olmalıdır”.

Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Elvüsal Məmmədli də bu fikirlərlə həmrəydir. Onun sözlərinə görə, son dövrlər Azərbaycanda “məşədi”, “kərbəlayi”, “hacı” adı titulu daşıyanların sayı çoxalıb. Kərbəla, Məşhəd və Həcc ziyarətinə gedənlər isə bu adla çağırılmalarından sanki qürur hissi keçirir: “Təbii ki, müqəddəs dini ibadət ocaqlarını ziyarət etmək yaxşı haldır. Kimin imkanı varsa, Həcc ziyarətinə getməlidir. Bunun kökündə həm “Quran”, həm də peyğəmbərin hədisləri dayanır. Məşhəd, Kərbəla ziyarətləri isə sonradan məzhəblərlə bağlı olan məsələdir ki, bunların dinin əmrləri ilə heç bir əlaqəsi yoxdur”.

Əhli-sünnə məzhəbindən olan Elvüsal Məmmədli digər məzhəblərdən olan müsəlman qardaş və bacıların Kərbəla, Məşhəd və digər şəhərlərə ziyarət etmələrinə hörmətlə yanaşdıqlarını deyir. Onun sözlərinə görə, əhli-şiə də cəmiyyətin tərkib hissəsidir və hər kəs onların bu hüquqlarını tanımalıdır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4502

Oxşar yazılar