Silaha and olsun ki…
16 noyabr 2010 19:42 (UTC +04:00)

Silaha and olsun ki…

Beyləqandakı “N” saylı hərbi hissənin gənc əsgərləri də Qurban Bayramı ərəfəsində Vətənə Sədaqət Andını qəbul edirdi… Həm də onları dünyaya gətirib boya-başa çatdırmış valideynlərinin gözləri önündə, boy-buxunlarına zillənmiş nəzərlərin qarşısında Vətənə QURBAN olmağı şərəf sanacaqlarına dair söz verirdilər. Əsgər sözü… Tarixin bütün sınaqlarından həmişə üzüağ çıxmış kişilərdən miras qalan kişi sözünü dönə-dönə təkrarlayırdılar-özü də hayqıraraq: VƏTƏN SƏNƏ CANIM FƏDA!

Tanrıya insanın qurban kəsilməsini kainatın sahibi qurbanlıq qoçla əvəzləmişdi min, bəlkə də milyon illər əvvəl! Amma VƏTƏNə qurban olmağın “şərafət ordeni”ni daşımağı yalnız insan övladına rəva bilib Allah!

Demək Vətən uğrunda qurban getməyi şərafət hesab edən Tanrı öz bəndəsinə VƏTƏN sevgisini aləmlərin ən gözəlinə - Allah dərgahına giriş üçün açar əvəzinə verir… Bəlkə də elə buna görə ŞƏHİD RUHU göylərin bütün qapılarından rahatlıqla ötüb keçir Tanrı hüzuruna!

And içən əsgər, əl basıb and içdiyin silaha and olsun ki Sən bəxtiyarsan! Ona görə ki, qorumağa VƏTƏNin, şəhid olanda kəfən əvəzinə bürünməyə, ZƏFƏR çalanda yüksəltməyə BAYRAĞIN var!

Sən bəxtiyarsan, həm də ona görə ki, iz qoymağa səngərin, tarix yazmağa qeyrətin var.
Balasına qurban olmağa hər an hazır olan ANAsının gözlərinə dik baxıb VƏTƏNə qurban olacağına and içən oğul yenilməzdir!

“Analar qurban deməz, qurban olarlar!” - Qurban deyin ANAlar, qurban deyin! Qurbanınız qəbul olsun-övladlarınızın qəbul etdiyi SƏDAQƏT ANDI kimi!
Amin!

P.S. Tarix yalnız VƏTƏNƏ SƏDAQƏT ANDIna xilaf çıxanları “qara siyahı”sına yazır həmişə! Tanrıya şükürlər, silaha and olsun ki, adımıza bu siyahıda yer yoxdur!

VƏTƏN uğrunda qəbul etdiyi anda kəm baxanlar həmişə bircə qazanc əldə ediblər: LƏNƏT!


Teymur ZAHİDOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794

Oxşar yazılar