“Zeytun bağı” restoranında və Xəzri istirahət mərkəzində ayı aşkarlanıb
12 noyabr 2010 12:38 (UTC +04:00)

“Zeytun bağı” restoranında və Xəzri istirahət mərkəzində ayı aşkarlanıb

11 noyabr 2010-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşları Abşeron rayonu Zığ şossesində yerləşən “Zeytun bağı” restoranında reyd keçiriblər. Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, reyd zamanı bu restoranda vəhşi təbiətdən götürülmüş iki ədəd ayının saxlanılması faktı aşkar edilib və qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilərək götürülüb.


Növbəti reyd zamanı Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları tərəfindən Bakı şəhər Nizami rayonu ərazisində yerləşən iaşə obyektinin həyətində 1 ədəd ceyranın, Şüvəlan qəsəbəsindəki “Xəzri” istirahət mərkəzində isə 1 ədəd ayının saxlanılması faktları aşkar edilib və sənədləşdirilərək götürülüb.


Bu kimi reydlər Azərbaycanın digər rayonlarında da həyata keçirilib. Nabranda yerləşən “İsa bulağı” istirahət mərkəzində bir ədəd ayının qəfəsdə saxlanılması faktı aşkar edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilib və ayı götürülüb. Bütün hallarda qanunu pozmuş şəxslər Azərbaycan Respublikasının “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar.


Hazırda respublika ərazisində bu kimi reydlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 957

Oxşar yazılar