“Su pərisi” şadlıq sarayında ciddi nöqsanlar aşkarlanıb
12 noyabr 2010 12:23 (UTC +04:00)

“Su pərisi” şadlıq sarayında ciddi nöqsanlar aşkarlanıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq xidmət sahələrində standartların tələblərinə, məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinə riayət olunmasının araşdırılması məqsədilə fiziki şəxs Əliyulla Nağıyevin rəhbərlik etdiyi Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ilə Süleymanov küçəsinin kəsişməsində fəaliyyət göstərən “Su pərisi” şadlıq sarayında dövlət nəzarəti tədbirləri həyata keçirilib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, monitorinq zamanı müəyyən olunub ki, şadlıq sarayında istehlakçılara xarici ölkələrin istehsalı olan “Swell”, “Jaffa”, “Rıçal su”, “Moonlight”, “Perrier” əmtəə nişanlı meyvə şirələri və mineral suların saxtaları təqdim olunur.

Rəsmi idxalçılar tərəfindən təqdim olunmuş orijinal məhsullarla şadlıq sarayından götürülmüş nümunələrin müqayisəsi aparılıb. Nəticədə onların çox ciddi fərqlərlə saxta əmtəə nişanlı kontrafakt məhsullar olduğu müəyyən olunub. Şadlıq sarayından götürülmüş nümunələr sınaqlarının aparılması üçün Komitənin Təcrübə-Sınaq Mərkəzinə (AzTEST) təqdim edilib. Sınaqlar zamanı müəyyənləşdirilib ki, “Swell” saxta əmtəə nişanlı şaftalı və albalı meyvə nektarlarının tərkibində insan orqanizmi üçün təhlükəli sayılan kif və maya göbələkləri mövcuddur. “Rıçal su” saxta əmtəə nişanlı təbii mineral suyun analiz nəticələri göstərib ki, məhsul fiziki göstəricilərindən hidrocarbonat, sulfat ionu, kalsium ionu, xlor ionu və təhlükəsizlik göstəricilərindən ümumi bakteriyaların miqdarına və bağırsaq çöpü bakteriyaların sayına görə standartın tələblərinə uyğun deyil. Təqdim edilmiş “Paytaxt” və “Qarışıq tərəvəz” salatlarının analizi isə göstərib ki, məhsullar təhlükəsizlik göstəricilərindən mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərə, bağırsaq çöpləri qrupundan olan bakteriyalara görə standartın tələblərinə cavab vermir.

Müəyyən olunmuş qanun pozuntuları ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 317.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə tətbiq edilib, toplanmış faktlar məsələyə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1499

Oxşar yazılar