Pensiya sistemində ehtiyatlı mövqe
12 noyabr 2010 11:56 (UTC +04:00)

Pensiya sistemində ehtiyatlı mövqe

Son vaxtlar bir sıra dövlətlərin sığorta-pensiya sistemlərində aparılan islahatlar Azərbaycanda qurulan modelin keçid dövrü ölkələri üçün örnək kimi tövsiyə edilir. Bu baxımdan Rusiyanın pensiya sistemində təklif olunan islahatların məzmunu xeyli diqqəti çəkir.

Lent.az-ın məlumatına görə, Rusiyanın Səhiyyə və Sosial İnkişaf Nazirliyi pensiya sistemindəki islahatlar barəsində mümkün variantları əks etdirən "Pensiya islahatlarının nəticələri və dünya maliyyə böhranının təsiri nəzərə alınmaqla Rusiya Federasiyasının pensiya sisteminin uzunmüddətli inkişaf perspektivləri" adlı məruzəsini hökumətə təqdim edib. Nazirliyin Rusiya Pensiya Fondu ilə birgə hazırladığı sənəddə 2002-2010-cu illərdə pensiya islahatının 1-ci və 2-ci mərhələlərinin nəticələri haqqında təhlillər aparılıb və növbəti mərhələnin reallaşdırılması zəruriliyi qeyd olunur.

Bəs, Azərbaycanda bu istiqamətdə hansı islahat tədbirləri aparılır?

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Lent.az-a bildirib ki, Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Bu gün Azərbaycanın sığorta-pensiya sistemindəki islahatları qabaqcıl mövqedədir. Onun sözlərinə görə, Rusiyada təklif olunan variantlardan biri hərbçilərin və daxili işlər orqanlarında çalışanların (hazırda həmin şəxslərin pensiyaları federal büdcədən ödənilir – E.S.) məcburi dövlət sosial sığortasına cəlb edilməsidir: “Azərbaycanda bu istiqamətdə hələ 4 il əvvəl islahat aparılıb. 2007-ci il yanvarın 1-dən respublikamızda hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi və fərdi uçotla əhatə olunmasına, həmin şəxslərin əmək pensiyaları ilə təminatına keçilib. Bunun nəticəsində hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin yeni sığorta-pensiya sisteminin üstünlüklərindən istifadə etmələrinə imkan yaradılıb. Bu üstünlüklər isə pensiyalarının Fondun hesabına verilən plastik kartlarla ödənilməsi, natamam hərbi xidmət müddətinin pensiya məbləğlərinə təsirinin təmin olunması, hərbi qulluqçular və dövlət qulluqçularının gələcəkdə sığorta-pensiya sistemində yığım komponentinin tətbiqində iştirakı kimi amillərdən ibarətdir”.

Xatırladaq ki, Rusiya hökumətinə təqdim olunan məruzədə vaxtından əvvəl pensiyaya çıxan şəxslər üzrə ödəmələr pensiya sisteminin mürəkkəb problemlərindən biri kimi qiymətləndirilib. Bu sahədəki güzəştlərin ləğvi isə islahatın əsas istiqaməti kimi müəyyənləşdirilib. Elman Babayev deyir ki, Azərbaycan bu istiqamətdə də islahatları artıq başa çatdırıb. Onun sözlərinə görə, ötən il Azərbaycanda bu istiqamətdə zəruri tədqiqatlar aparılaraq qanunvericiliyə müvafiq dəyişikliklər edilib.

Növbəti əsas təklif pensiya sistemində yığım komponentinin tətbiqi ilə bağlıdır. Bu istiqamətdə səslənən arqumentlər ondan ibarətdir ki, Rusiya pensiya sistemində hazırkı qaydada yığım komponentinin tətbiqi maliyyə bazarının mövcud inkişafı səviyyəsi ilə üst-üstə düşmür. Bu səbəbdən də vəsaitlərin yerləşdirilməsində yaranan problemlər nəinki nəzərdə tutulan dividentləri, hətta inflyasiyadan qoruma imkanını da vermir. Həmçinin yığım hissəsinin pensiyaların cari maliyyələşdirilməsinə sərf olunmaması Pensiya Fondunun büdcə kəsirini daha da dərinləşdirir. Bununla bağlı pensiyaların yığım hissəsinin perspektivinə dair məruzədə bir neçə variant əks olunub. Bunlardan biri pensiyaların yığım hissəsi məsələsinin tamamilə istisna edilməsidir. Digər bir variant kimi bu komponentin könüllülük prinsipi əsasında tətbiqi irəli sürülüb. Üçüncü variant isə yığım hissəsinin həcminin azaldılmasıdır.

DSMF-nin sektor müdiri deyir ki, bəzi ölkələrdə baş verən proseslər Azərbaycanın yığım komponentinin tətbiqi ilə bağlı ehtiyatlı mövqe tutmaqda haqlı olduğunu göstərir. Onun sözlərinə görə, Azərbaycanın pensiya qanunvericiliyi baza, sığorta və yığım hissələrindən ibarət olmaqla üçpilləli pensiya təminatını nəzərdə tutur: “Ölkədə qurulmuş yeni sığorta-pensiya sistemi çərçivəsində əmək pensiyalarının baza və sığorta hissələrinin təyini və artırılması mexanizmləri uğurla tətbiq edilib. Yığım komponentinin tətbiqi ilə bağlı isə son dərəcə konservativ mövqe tutulub”.

Elman Babayev bildirib ki, "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda yığım komponentinin tətbiqinin daha mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən çox asılı olduğu xüsusilə qeyd olunub. Bunun üçün beynəlxalq təcrübənin öyrənilməsi, əvvəlcə sosial sığorta haqlarının fərdi hesabın yığım hissəsinə yönəldilməsi mexanizmləri və həmin vəsaitlərin idarə olunması qaydalarının düzgün müəyyən edilməsi, bundan sonra sosial sığorta haqlarının fərdi yığım hesablarına toplanmasına başlanılması müəyyənləşdirilib. Onun fikrincə, bütün bunlar Azərbaycanın pensiya islahatlarında qabaqcıl mövqeyinin göstəricisi sayılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar