Havadan gələn kəskin qoxuya dair 4 müraciət
03 noyabr 2010 12:23 (UTC +04:00)

Havadan gələn kəskin qoxuya dair 4 müraciət

2010-cu ilin III rübündə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”ə səs-küy, kəskin qoxu və məişət tullantı sularının axıdılması ilə əlaqədar 18 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, müraciətlərdən biri Novxanı qəsəbəsi Yeni yaşayış massivindəki daş karxanasından gələn səs-küy və toz dumanı barədə olub.

Şikayətlə əlaqədar monitorinq keçirildikdən sonra karxananın sahibi fiziki şəxs qismində cərimələnib. Ceyranbatan qəsəbəsində R.Fətəliyevin həyətində saxlanılan mal-qaranın yaratdığı antisanitar vəziyyət ilə əlaqədar isə həmin şəxsə icrası məcburi olan müddətli məcburi göstəriş verilib.

Bundan başqa, Xətaidə “A+AS” MMC tərəfindən beton istehsalı zamanı havaya toz qalxması ilə bağlı şikayət də araşdırılıb. Müvafiq sənədləşmə işləri aparılaraq akt tərtib edilib, aşkar olunmuş digər çatışmazlıqları aradan qaldırmaq məqsədilə müəssisə rəhbərliyinə məcburi göstəriş verilib. Digər müraciətlərdən 1-i Xəzər, 2-si Səbail, 1-i Qaradağ, 1-i Sabunçu, 1-i Binəqədi, 1-i Nərimanov rayonuna aiddir.

İlin üçüncü rübü ərzində havadan gələn kəskin qoxu ilə əlaqədar daxil olmuş 4 müraciətlə də bağlı monitorinq aparılıb və atmosfer havasının tərkibində olan çirkləndirici qaz birləşmələrinin norma daxilində olduğu müəyyən edilib. Səs-küylə əlaqədar daxil olmuş 3 müraciətdə isə səs-küy səviyyəsinin qəbul olunmuş normalar daxilində olduğu müəyyənləşib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561

Oxşar yazılar