Bakıda gənclərin beynəlxalq konfransı olacaq
02 noyabr 2010 12:58 (UTC +04:00)

Bakıda gənclərin beynəlxalq konfransı olacaq

Noyabrın 11-də Bakıda "Gənclər ekoloji inkişaf uğrunda" Beynəlxalq Elmi-Praktiki konfrans keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, iki gün davam edəcək konfransın məqsədi gənc alim, ekspert, mütəxəssis, iş adamları, ictimai təşkilatlar və KİV nümayəndələrini yalnız təbiətin qorunması məsələlərində deyil, həmçinin yeni əsrin ekoloji xüsusiyyətlərini nəzərə ala bilən yeni innovativ iqtisadiyyatın və elmin quruluşunda da iştirakını stimullaşdırmaq, iqtisadi, sosial maraqları nəzərə almaqla davamlı inkişaf və sağlam ətraf mühit uğrunda tədbirlərin həyata keçirilməsinə həvəsləndirməkdir. “Ekologiya ili” çərçivəsində təşkil olunan konfrans həm də 2010-cu ilin BMT tərəfindən Beynəlxalq Gənclər İli kimi elan edilməsi, habelə MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının 2010-cu il üçün nəzərdə tutulmuş İş Planına müvafiq olaraq, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyasının və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə həyata keçirilir.

Konfransda ABŞ, Almaniya, Avstriya, İsveçrə, Qazaxıstan, Pakistan, Rusiya, Tacikistan, Türkiyə və başqa xarici ölkələrdən olan gənc alimlər, tədqiqatçılar, istehsal şirkətlərinin tədqiqatçı-mütəxəssisləri, müvafiq ixtisaslar üzrə magistr və ali məktəb tələbələri, eləcə də ekologiya sahəsində işləyən QHT nümayəndələri iştirak edəcək. Konfransın işində UNİCEF-in İqlim üzrə Gənc Səfirləri də iştirak edəcəkdir. Ümumilikdə, konfransda 200-ə yaxın alim və gənclərin iştirakı gözlənilir. Konfransın proqramına plenar iclas, ekoloji hüquq və təhlükəsizlik; elmdə ekoloji innovasiyalar, ekoloji təhsil və maarifləndirmə, ekoloji təfəkkürün formalaşması, cəmiyyət seksiyalarında məruzə, müzakirələr, konfransın yekun qətnaməsinin qəbul olunması, alimlərin və ekspertlərin məktəblər, universitetlər çərçivəsində şagirdlər və tələbələr üçün mühazirələri daxildir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar