Pensiyanın baza hissəsinə görə MDB-də ikinciyik
29 oktyabr 2010 15:09 (UTC +04:00)

Pensiyanın baza hissəsinə görə MDB-də ikinciyik

2010-cu ilin yanvar-sentyabr aylarında ölkəmizdə əhalinin pul gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 11,3 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 6,6 faiz, əmək pensiyasının orta aylıq məbləği isə 11,1 faiz artıb.

Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov YAP qərargahında keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Azərbaycanda yeni sığorta-pensiya sistemi fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb.

Fond sədri deyib ki, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilməklə növbəti dəfə 13,6 faiz artırılması təxminən 1 milyon 254 min 200 nəfər pensiyaçıya şamil olunub. Onun sözlərinə görə, hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 dollar təşkil edir: “Bu göstəriciyə görə, Azərbaycan MDB-də ikinci yeri tutur. Belə ki, Qazaxıstanda əmək pensiyasının baza hissəsi 124,2 dollar, Ukraynada 91,4 dollar, Rusiyada 90,2 dollar, Belarusda 81,1 dollar, Gürcüstanda 44,3 dollar, Ermənistanda 21,6 dollardır”.

Səlim Müslümov deyib ki, pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə uyğun olaraq, əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən isə 1,5 faizlik artım tətbiq edilib. Onun sözlərinə görə, əmək pensiyaları sahəsində qanunvericiliyə edilən son dəyişiklik nəticəsində yeni sadələşdirilmiş qaydanın tətbiqi Azərbaycanda pensiyaların məbləğinin artımına, minimum məbləğlə pensiya təyinatının aradan qalxmasına və sosial ədalətin bərpa olunmasına gətirib çıxarır. Belə ki, bu ilin ötən dövrünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq məbləği 111 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olub: “Bu qaydaların tətbiqinə qədər pensiya təyinatı zamanı əsas problemlər 2006-cı ilə qədər olan dövr üçün pensiya məbləğlərinin müəyyən edilməsi metodikası ilə bağlı olurdu və əvvəlki qayda ilə hesablama zamanı elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə uzun müddət əmək stajına malik şəxslərin əməkhaqqı göstəricilərinin aşağı olması səbəbindən əksər hallarda pensiyalar minimum məbləğlə ifadə edilirdi. Artıq bütün bu çatışmazlıqlar da aradan qaldırılıb. Sosial sığortalanma 1992-ci ildən tətbiq olunsa da, vətəndaşların bütün işlədiyi dövrə sığorta kapitalının hesablanmasına keçilib”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191

Oxşar yazılar