Əlilliyin artım dinamikası azalıb
27 oktyabr 2010 16:01 (UTC +04:00)

Əlilliyin artım dinamikası azalıb

Bu ilin 9 ayı ərzində Azərbaycanda əlilliyin artım dinamikası ötən ilin müvafiq dövrü ilə müqayisədə 1601 nəfər azalıb. Oktyabrın 1-dək əlillik dərəcəsi almış vətəndaşların sayı 16 min 654 nəfər təşkil edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a bildiriblər ki, hesabat dövründə tam reabilitasiya edilən xəstələrin sayı 3 min 98 nəfər artaraq 8 min 817 nəfərə çatıb. Bu isə o deməkdir ki, ötən 9 ayda tam reabilitasiya göstəricisi 5,8 faizə yüksəlib.

Yanvar-sentyabr aylarında məşğulluq xidməti orqanları tərəfindən 18 701 nəfər işaxtaran vətəndaş münasib işlə təmin edilib. Həmçinin 1177 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Peşə hazırlığına kurslarına cəlb edilənlərin sayı isə Həmçinin 2 min 991 nəfər təşkil edib.

Nazirlikdə bildirirlər ki, bu ilin 9 ayında respublikanın şəhər və rayonunda keçirilən yarmarkalar nəticəsində 4 min 134 nəfər işsiz vətəndaş münasib işlərlə təmin olunub. Bu dövr ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən “Əmək Birjaları” tərəfindən 2 min 902 nəfər işsiz vətəndaş, o cümlədən 1 min 637 nəfər qadın, 1317 nəfər gənc, 128 nəfər qaçqın və məcburi köçkün, 24 nəfər əlil müvəqqəti xarakterli işlərlə təmin olunub. Bakı, Gəncə şəhərlərində və Abşeron rayonunda məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında keçirilən yarmarkalarda isə 271 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub. İlin 9 ayında 73 min 254 nəfər peşəyənümü məsləhətlərinə cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsi tərəfindən 2010-cu ilin 9 ayı ərzində 4472 əcnəbiyə fərdi icazə verilib. Ötən illər ərzində verilmiş 1812 fərdi icazənin müddəti uzadılıb. Oktyabrın 1-ə Azərbaycanda fərdi icazə əsasında 971 müəssisədə 8 166 əcnəbi işləyib ki, bu ötən ilin müvafiq dövründə fərdi icazə əsasında işləyənlərin sayından 2 min 929 nəfər çoxdur. Bu müddət ərzində 206 əcnəbiyə verilmiş fərdi icazə qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilib.

Fərdi icazə əsasında işləyənlər ötən illərdə olduğu kimi, tikintidə (41,6 faiz) və mədənşıxarma sənayesində (29,1 faiz) üstünlük təşkil edirlər. Hazırda respublikada fərdi icazə əsasında 87 ölkənin vətəndaşı əmək fəaliyyəti ilə məşğul olur ki, onlar arasında Türkiyə (3855 nəfər), Böyük Britaniya (1416 nəfər), Gürcüstan (312 nəfər), Çin (299), Hindistan (236 nəfər), ABŞ (218 nəfər), İran (184) və Rusiya (167 nəfər) vətəndaşları çoxluq təşkil edir.

Daxili əmək bazarında müvafiq mütəxəssislərin mövcudluğu və təqdim olunan sənədlərdə çatışmazlıqların olması səbəbindən 619 əcnəbiyə fərdi icazə verilməsindən imtina edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar