9 ayda 127 mindən çox ailə sosial yardım alıb
27 oktyabr 2010 15:37 (UTC +04:00)

9 ayda 127 mindən çox ailə sosial yardım alıb

Bu ilin 9 ayın ərzində Azərbaycanda 127 min 634 ailə ünvanlı dövlət sosial yardımından bəhrələnib. Həmin ailələrin hər birinə ayda orta hesabla 108,38 manat ünvanlı yardım ödənilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a bildiriblər ki, hesabat dövründə bir ailə üzvünə təxminən 23,96 manat ünvanlı dövlət sosial yardım düşüb. Yardım alanların 41,1 faizi tərkibində 3 və daha çox uşaq olan ailələrdir.

Ötən 9 ayda əlil və şəhid ailələri üçün Gəncə, Lənkəran və Quba şəhərlərində 36, Cəlilabad rayonunda 16 və 36, Gədəbəy rayonunda 16, Bakı şəhərinin Qaradağ rayonunda 81 mənzilli yaşayış binalarının inşası tam başa çatdırılıb. Bu günlərdə isə Lerik və Neftçalada 16, Balakən şəhərində isə 36 mənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda İsmayıllı rayonunda 36, Bakı şəhərinin Yasamal və Sabunçu rayonlarında 81 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Gəncə şəhərində 36 mənzilli, Bakı şəhəri Xəzər rayonunda isə 81 mənzilli yaşayış binalarının tikintisi başa çatıb və istismara vermək üçün son tamamlanma işləri aparılır. Bundan başqa 200 fərdi yaşayış evlərinin 147-də tikinti quraşdırma işləri başa çatmaq üzrə, 53-də isə tikinti quraşdırma işləri davam etdirilir.

Nazirlikdə bildirirlər ki, ümumilikdə, indiyədək 3 500-dən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. İlin ötən dövründə əlillərin minik avtomobilləri ilə təminatı üçün 240 ədəd minik avtomobili bu kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək 2 900-dən artıq əlil dövlət hesabına minik avtomobilinə sahib olub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769

Oxşar yazılar