Pensiyaların 98,8 faizi plastik kartlarla ödənir
25 oktyabr 2010 12:57 (UTC +04:00)

Pensiyaların 98,8 faizi plastik kartlarla ödənir

Hazırda Azərbaycanda pensiyaların 98,8 faizinin ödənişi plastik kartlarla həyata keçirilir. 2010-cu il oktyabrın 1-dək Azərbaycanın kənd yerlərində yaşayan əmək pensiyaçılarının 97,6 faizi, şəhərlərdə yaşayan pensiyaçıların isə 100 faizi üzrə pensiyalar plastik kartlarla ödənilir.

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, bu ilin 9 ayının göstəricilərinə əsasən pensiyasını plastik kartla əldə edənlərin sayı 1 126 625 nəfər təşkil edir. Ötən 9 ayda kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərtilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində mühüm addımlar atılıb. Yanvar-oktyabr ayları ərzində kəndlərdə pensiyaları plastik kartla alanların sayı 7803 nəfər artıb.

Elman Babayev deyib ki, DSMF tərəfindən Azərbaycanda əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da genişləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Pensiyaların ödənilməsi sahəsindəki göstəricilər üzrə Azərbaycan bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab edilir.

Xatırladaq ki, prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nda yer alan mühüm vəzifələrdən biri əmək pensiyalarının mütərəqqi üsullarla ödənilməsi sisteminin daha da inkişaf etdirilməsidir. Proqrama uyğun olaraq, DSMF tərəfindən pensiyaların plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin daim təkmilləşdirilməsi davam etdirilir. Belə ki, bankomat və pos-terminallarla təchizatın gücləndirilməsi, ödənişlərdə çoxfunksiyalı çip kartlardan istifadənin təmin olunması, ucqar kəndlərdə ödənişin mütərəqqi üsullarla aparılması üzrə müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsi istiqamətində addımlar atılır.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar