Bazar xəbərləri: Mürəbbə bişirmək istəyənlər gözləsin…
25 oktyabr 2010 12:21 (UTC +04:00)

Bazar xəbərləri: Mürəbbə bişirmək istəyənlər gözləsin…

Lent.az-ın məlumatına görə, indi ənənəvi ticarət mərkəzlərində, yəni kolxoz bazarlarında daha çox mövsümi məhsullar təklif olunur. Meyvə almaq istəyənlər daha çox alma və narı münasib qiymətə ala bilərlər. Artıq bazarlarda yerli armuda da rast gəlmək olar. Amma mürəbbə bişirmək istəyənlər hələ gözləməlidir. Çünki zoğal və üzüm qıtlaşıb. Heyva isə 1-2 həftədən sonra bazarlara “ayaq açacaq”. Əvəzində sitrus meyvələri kifayət qədərdir. Qiymət isə 1-2 manat arası dəyişir.

Tərəvəzlərə gəlincə, indi daha çox payızlıq pomidor-xiyar satılır. Pomidorun qiyməti əvvəlki kimi 2 manat ətrafındadır. Xiyarın kilosunu isə 1 manatdan almaq olar. Göyərti də nisbətən bollaşıb. Yağışların nisbətən ara verməsi göyərtinin qiymətində də özünü göstərir. Əvvəllər 25-30 qəpiyə satılan “canlı dəstə”ni indi 20 qəpikdən almaq olar.

Bazarlarda payıza xas olan yerli göbələk də tapmaq olar. Göbələyin kilosu 2-3 manatadır. İndi təzə və diri balıq da boldur. Bazarlarda dəniz, göl, vətəgə, hətta Naxçıvan balığı da satılır. Qiymət isə müxtəlifdir. 1 kiloluq diri balıq almaq istəyən ən azı 10 manata saymalıdır.

Gündəlik tələbat malları arasında ən çox satılan kartof və soğanın qiymətində ciddi dəyişiklik yoxdur. Satıcılar deyir indi İran və Türkiyə kartofu gətirənlər artıb. Soğan isə bəzi yerlərdə əvvəlkindən 10 qəpik baha satılır ki, bunu da yerli məhsulun azalması ilə izah edirlər.

Bayramların yaxınlaşması ilə qoz-fındığın da qiyməti yavaş-yavaş artır. Indi bu məhsullar 10-15 gün əvvəlkindən 1 manat baha satılır.

Ətin və toyuq məhsullarının qiymətində isə elə bir dəyişiklik yoxdur.

Ən son bazar qiymətləri:

Kartof (yerli) - 70-80 qəp
Soğan - 70-90 qəp
Pomidor - 2-3 man
Xiyar - 1-2 man
Göyərti - 20 qəp

Alma (yerli) - 0,5 – 1,5 man
Alma (xarici) - 2-3 man
Armud (xarici) - 2,5 – 4 man
Armud (yerli) - 1-2 man
Nar - 1-2 man
Mandarin - 1-2 man
Feyxoa - 1,5-2 man
Üzüm (yerli) - 2-3 man
Zoğal - 3-4 man
Qoz - 4-4,5 man
Qoz ləpəsi - 8 man
Fındıq - 2,5-3 man
Fındıq ləpəsi - 5 man
Şabalıd - 8-10 man
Ət (quzu) - 7 man 50 qəp
Ət (qoyun) - 6-7 man
Ət (mal) - 5 man 40 qəp
Kənd yumurtası - 20 qəp
Brolyer yumurtası - 12-15 qəp

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar