Heyvanların əməliyyat olunması üçün dövlət klinikası yaradılıb
21 oktyabr 2010 19:48 (UTC +04:00)

Heyvanların əməliyyat olunması üçün dövlət klinikası yaradılıb

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ölkədə ev və çöl heyvanlarına qulluq, onların düçar olduqları bəzi xəstəliklərin müalicəsi üçün bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır. Heyvanların mühafizəsinə yönəlmiş bu tədbirlərdən birincisi olaraq Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda heyvanların üzərində cərrahiyə əməliyyatları aparmaq üçün dövlət tərəfindən klinika yaradılıb. Bu barədə Lent.az-a kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib.

Nazir müavininin sözlərinə görə, Gəncə şəhərində Aqrar Universitetin nəzdində yerləşən bu klinikada bütün növ heyvanların üzərində cərrahiyyə əməliyyatları aparmaq mümkündür. Klinikanın ən müasir avadanlıqlarla təchiz olunduğunu deyən B.Əliyev orada eyni zamanda baytarlar üçün praktiki dərslərin verildiyini vurğulayıb.

«Orada heyvanlara müəyyən həblər verilməklə cərrahiyə əməliyyatları aparılır. Eyni zamanda bu əməliyyatları tələbələr monitorlarda izləyə bilirlər», - deyə nazir müavini qeyd edib.

B.Əliyev deyib ki, hər bir şəxs evində saxladığı heyvanların üzləşdiyi problemi cərrahi yolla aradan qaldırılmasını istəyirsə, klinikaya müraciət edə bilər. Burada həmçinin heyvanların müayinəsi də aparılır.

Nazir müavini klinikaya artıq xeyli sayda vətəndaşın ev heyvanlarını gətirib müayinə və cərrahi əməliyyatlar etdirdiyini bildirib: «Orada Moskvada təhsil almış 3 baytar həkimimiz var ki, hamısı elmlər namizədidir. Cərrahi əməliyyatlar da bu həkimlər tərəfindən aparılır. Qafqazda indiyədək belə bir klinika olmayıb. Ancaq heyvanların cərrahiyyəsi baytarlar tərəfindən aparılıb».

Rəşad
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1506

Oxşar yazılar