“Azərenerji”nin yeni layihələri var
20 oktyabr 2010 19:45 (UTC +04:00)

“Azərenerji”nin yeni layihələri var

Son 5 ildə ölkənin elektrik enerjisi təsərrüfatında həyata keçirilən tədbirlərdən sonra ümumilikdə 1500 meqavatdan çox yeni güc əldə olunub. Lent.az-ın məlumatına görə, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev jurnalistlər üçün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, hazırda yeni stansiyaların tikintisi ilə bağlı bir neçə layihə davam edir. Yaxın vaxtlarda Azərbaycanda “Tovuz” su elektrik stansiyasının (SES) tikintisinə başlanılması planlaşdırılır.

Etibar Pirverdiyev Tovuzda tikiləcək stansiyanı Azərbaycanın energetika sektorunun ən vacib layihələrindən biri kimi dəyərləndirib. Hesablamalara görə, bu stansiyanın inşa olunacağı hövzədə su həcmi 2 milyard kubmetr, stansiyanın istehsal gücü isə 400 meqavat təşkil edəcək. Onun sözlərinə görə, bu ilin sonunda və ya gələn ilin əvvəlində “Şimal-2” stansiyasının tikintisinə də başlanacaq. Bu stansiyada əsasən “Mitsubishi”, “İSTOP”, “Siemens” və digər tanınmış şirkətlərin avadanlıqlarının quraşdırılması nəzərdə tutulur.

“Azərenerji” rəhbəri “Şimal-2” layihəsinin dəyərinin xeyli ucuzlaşdığını bildirib. Onun sözlərinə görə, layihə hazırlanarkən onun dəyəri 450 milyon dollar olduğu halda indi tender təklifləri 360 milyon dollar ətrafındadır. Bura həm də birinci və ikinci stansiyanın soyutma sisteminin qurulması işləri daxildir.

Etibar Pirverdiyev onu da qeyd edib ki, gələn ilin sonunda “Cənub” stansiyasında da işlər yekunlaşacaq. Şirvan şəhərində inşa olunan bu stansiyanın 2012-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Onun sözlərinə görə, bu stansiya regionda ən mürəkkəb texnologiyaya malikdir. Stansiya mazut, qaz və dizel yanacağı ilə işləyə biləcək.

“Azərenerji” rəhbəri bildirib ki, Qafqazda ilk dəfə olaraq, Azərbaycanda aparılan yeraltı yarımstansiyanın inşası işləri tamamlanma mərhələsindədir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1243

Oxşar yazılar