Pambıq qəbulu qəbzinin forması və verilməsi qaydaları təsdiqləndi
19 oktyabr 2010 17:23 (UTC +04:00)

Pambıq qəbulu qəbzinin forması və verilməsi qaydaları təsdiqləndi

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, pambıq emalı müəssisəsinin (bundan sonra - tədarükçü) pambıq istehsalçısı (bundan sonra - istehsalçı) ilə bağlanmış müqaviləyə əsasən pambığın qəbul edilməsi barədə istehsalçıya verdiyi pambıq qəbulu qəbzi qanunvericiliyə uyğun olaraq ciddi hesabat blankı hesab olunur və üç nüsxədən ibarət tərtib edilir.

Pambıq qəbulu qəbzi pambığın alqı-satqısı ilə əlaqədar satıcı və alıcı arasında hesablaşmanın aparılması üçün əsas sənəddir. Pambıq qəbulu qəbzinin forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən müvafiq qaydada təsdiq olunur. Ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış şəxslər pambıq qəbulu qəbzi üzərinə Maliyyə Nazirliyindən aldıqları xüsusi seriyaları həkk etməlidirlər. Ciddi hesabat blanklarının istifadəsinə nəzarət onun seriya və nömrələrinə əsasən həyata keçirilir. Ciddi hesabat blanklarının uçotunun aparılması, həmçinin istifadəsiz qalmış və korlanmış blankların saxlanması və məhvi qanunvericiliklə müəyyən olunmuş qaydada aparılır.

Pambıq qəbulu qəbzində blankın seriyası və nömrəsi, pambıq emalı müəssisəsinin adı, yerləşdiyi ünvan və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, pambıq istehsalçısı haqqında məlumatlar, yəni fiziki şəxsin - soyadı, adı, atasının adı, yaşadığı yer, şəxsiyyət vəsiqəsinin nömrəsi, hüquqi şəxsin adı, yerləşdiyi yer, dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin nömrəsi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilməlidir. Eyni zamanda pambığın toxumluq və ya texniki növə aid olduğunu göstərən məlumat, toxumluq və texniki pambığın seleksiya və sənaye sortu, pambığın kəmiyyət və keyfiyyət göstəriciləri, əl və ya maşınla yığımı, pambıq qəbulu məntəqəsinin adı, alqı-satqı müqaviləsinin nömrəsi və tərtib edildiyi tarix, pambıq qəbulu qəbzinin tərtib edildiyi tarix; pambıq emalı müəssisəsinin möhürü və səlahiyyətli şəxsin imzası və pambıq istehsalçısının pambığı təhvil verən səlahiyyətli nümayəndəsinin imzası da əksini tapmalıdır.

Tədarükçü qəbul etdiyi xam pambıq üçün istehsalçı ilə həmin qəbzlərə əsasən hesablaşmanı aparır. Ödəniş nağd formada və ya istehsalçıların hesablaşma hesabı olduqda, nağdsız hesablaşmalar şəklində həyata keçirilə bilər.

Pambıq qəbulu qəbzinin 1-ci bölməsində gün ərzində qəbul olunan xam pambığın növü üzrə ayrı-ayrılıqda miqdarı, dəstin nömrəsi, seleksiya növü, reproduksiyası, sənaye növü, yığım üsulu, laboratoriya arayışının nömrəsi, faktiki fiziki, kondisiya və zibillik normasına görə hesablama çəkisi, faktiki zibillik və nəmlik faizi, alış qiyməti və məbləği göstərilməlidir. Tədarük olunmuş xam pambıq üçün pambıq qəbulu qəbzini baş əmtəəşünas, yaxud əmtəəşünas-qapançı tərtib edir və qəbzin birinci nüsxəsini istehsalçıya, ikinci nüsxəsini istehsalçı ilə hesablaşmanın aparılması üçün tədarükçünün mühasibatlığına təqdim edir, üçüncü nüsxə isə bu qəbzi tərtib edən şəxsdə qalır. Eyni vaxtda laboratoriya müdiri (baş laborant) tədarükçünün mühasibatlığına laboratoriya jurnalında imza etmək şərti ilə, pambığın təhvil nəticələri haqqında hər bir istehsalçıdan qəbul olunan xam pambığın dəstinə görə pambığın keyfiyyət göstəriciləri, əl və ya maşınla yığımı barədə arayış təqdim edir.

Tədarükçünün rəhbəri və baş mühasibi alınmış məhsul üçün tərtib olunan pambıq qəbulu qəbzinin düzgünlüyünə ciddi nəzarət etməlidirlər. Tədarükçü hər mövsümdə tələbata uyğun sayda pambıq qəbulu qəbzinin blanklarını mətbəədə çap etdirir və pambıq qəbulu məntəqələrini vaxtında həmin blanklarla təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2240

Oxşar yazılar