Yeni iş yerlərinin sayı 900 mini ötüb
19 oktyabr 2010 13:52 (UTC +04:00)

Yeni iş yerlərinin sayı 900 mini ötüb

“Son 7 ildə Azərbaycanda əksəriyyəti daimi olmaqla 900 mindən artıq yeni iş yeri yaradılıb”.

Lent.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycanda sosial-iqtisadi inkişaf dinamikası ictimai-siyasi həyatın bütün sahələrini əhatə edir və bunun nəticəsində yeni iş yerlərinin sayı da sürətlə artır.

Nazir müavini deyib ki, yeni iş yerlərinin yaradılması ilə əlaqədar məşğulluğun səmərəliliyinin artırılması, habelə Azərbaycanın Avropaya inteqrasiyası ölkədə peşəkar ixtisaslı mütəxəssislərin yetişdirilməsi zərurəti yaradır: “Dünyada əmək miqrasiyası prosesləri çox qabarıq şəkildə özünü büruzə verir. Bu mənada Azərbaycan əmək miqrasiyası sahəsində təyinat ölkəyə çevrilib. Siyasi sabitlik, sosial-iqtisadi inkişaf və digər amillər xarici investorlara şərait yaradır ki, onlar Azərbaycanda yeni müəssisələr açmaq istəyin reallaşdırsın”.

Natiq Məmmədov yeni iş yerlərinin yarandığı bir vaxtda Azərbaycan vətəndaşlarının iş dalınca xaricə axışmasına da münasibət bildirib. O qeyd edib ki, bəzi hallarda Azərbaycan vətəndaşları xaricə üz tutaraq öz ixtisaslarına uyğun gəldi-gəlmədi, ən müxtəlif peşələrdə çalışırlar: “Ona görə də biz Azərbaycanda yeni peşə və təlim standartlarını beynəlxalq normalara uyğunlaşdırmaq istəyirik. Artıq dünya Bankı ilə bu istiqamətdə müəyyən işlərə başlamışıq. Güman edirəm ki, bu layihənin 3 ildən sonra müsbət nəticələrini görəcəyik”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar