Evləri sürüşənlərə ev tikiləcək
18 oktyabr 2010 17:35 (UTC +04:00)

Evləri sürüşənlərə ev tikiləcək

May ayında Qubada baş verən torpaq sürüşəsi nəticəsində zərər çəkmiş 200-dək ailə hələ yeni mənzillərlə təmin olunmayıb.

Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, tamamilə torpağın altında qalmış evlərdə yaşayan ailələri hazırda çadırlarda məskunlaşıb. Sakinlər bildirirlər ki, Qubada artıq qar düşüb, soyuqdan əziyyət çəkən insanlar hər gün Rayon İcra Hakimiyyətinin binası qarşısında toplaşıb onların yeni evlərə köçürülməsini tələb edirlər.

Həmin ailələr üçün yeni evlərin tikintisi üçün Qubada 60 hektar torpaq sahəsi də ayrılıb. Sakinlər bildirirlər ki, vəziyyətlə bağlı baş nazirə, fövqəladə hallar nazirinə və maliyyə nazirinə məlumat verilib. Həmçinin evlərin tikilməsi barədə qərar da təsdiqlənib və bu işin icrasına başlamaq üçün artıq bütün prosedur məsələlər həll olunub. Bununla belə, Maliyyə Nazirliyi sürüşmədən ziyan çəkən ailələr üçün yeni evlərin tikilməsinə vəsait ayırmayıb. Bu səbəbdən də qışın yaxınlaşmasına baxmayaraq, indiyədək orada hələ heç bir iş görülməyib.

Maliyyə Nazirliyindən isə Lent.az-a bildiriblər ki, həqiqətən də sakinlər tikinti işlərinin tezləşdirilməsi üçün nazir Samir Şərifova məktub göndəriblər. Həmçinin Rayon İcra Hakimiyyəti də məsələ ilə bağlı nazirliyə müraciət edib. Nazirlik isə bu müraciətlərə müsbət reaksiya verib. Belə ki, artıq yeni evlərin tikintisi məqsədilə nəzərdə tutulan vəsaitin köçürülməsi mərhələsinə başlayıb. Yaxın günlərdə isə torpaq sürüşməsi nəticəsində zərər çəkənlərə yeni evlərin tikintisinə başlanacaq.

Xatırladaq ki, aprel-may aylarında Qubada baş vermiş torpaq sürüşməsi nəticəsində bir neçə kənddə 200-dən çox ailənin yaşadığı evlər tamamilə dağılmışdı. Həmin evlərin sakinləri müvəqqəti olaraq, çadırlarda yerləşdirilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar