ADU-da sağlamlıq tədbiri
16 oktyabr 2010 12:45 (UTC +04:00)

ADU-da sağlamlıq tədbiri

ADU-nun mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın Lent.az-a verdiyi məlumata görə, tədbirdə ADU-nun Mülki Müdafiə kafedrasının müdiri, biologiya elmləri namizədi, dosent Sevda Zamanova, kafedranın baş müəllimi, “Konsilium” elmi-kütləvi tibb jurnalının baş redaktoru Nazim Məmmədov, tibb elmləri doktoru, “Sağlam Nəsil” ictimai birliyinin rəhbəri Nigar Kamilova, həmin kafedranın müəllimi, tibb elmləri namizədi, “Sağlam Nəsil” ictimai birliyinin əməkdaşı Sevinc Məmmədova və ADU-nun 1 saylı İngilis dili fakültəsinin II kurs tələbələri iştirak edirdilər.

Tədbirdə “Sağlam Nəsil” ictimai birliyinin əməkdaşı Könül Abbasova sağlamlığın sosial rifah və ətraf mühitə olan müsbət və əvəzedilməz rolundan, gələcəyin potensial qüvvəsi olan uşaqların sağlamlığını müəyyən edən amillər və sağlam fərdin təhsil və ictimai həyatda məhsuldar fəaliyyətindən bəhs edən slayd təqdim edib. Tələbələrin sağlamlıq vəziyyətini üzə çıxarmaq üçün müxtəlif treninqlər və məşğələlərin həyata keçirilməsindən söhbət açan K. Abbasova insan sağlamlığına birbaşa təsir edən xarici və daxili faktorların təsirindən söz açıb. O, qeyd edib ki, stressdən yayınmaq, pis vərdişlərdən uzaqlaşmaq və fəal fiziki həyat tərzi sürməklə də sağlamlığı müəyyən dərəcədə qorumaq mümkündür.

Çıxış edən tibb elmləri namizədi Sevinc Məmmədova genetik xəstəliklərin araşdırılması yollarını, ekoloji cəhətdən narahat olan ərazilər, pis qidalanmanın fərdə göstərdiyi mənfi təsirindən və dünyaya gələcək övladın sağlamlığının bilavasitə ata və ananın sağlamlığı ilə əlaqədar olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı və genetik xəstəliklər haqqında geniş mühazirə edib.

Tibb elmləri doktoru Nigar Kamilova isə mühazirəsində reproduktiv dövr, dövrün aspektləri və sağlam qızların formalaşması yollarını, Azərbaycanda sonsuzluq probleminin artdığını və iltihabi xəstəliklərin xüsusiyyətlərini qeyd edib. O, tələbələrə təkcə öz sağlamlıqları baxımından deyil, gələcəyin ata-anaları olaraq dünyaya sağlam övlad gətirmələri naminə gigiyenik qaydalara riayət etmələrini, eləcə də mütəmadi tibbi yoxlanışlardan keçmələrini məsləhət görüb.

Mülki Müdafiə kafedrasının müdiri, biologiya elmləri namizədi, dosent Sevda Zamanova tələbələrin mühazirələrdən özləri üçün nəticə çıxaracaqlarına ümid etdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096

Oxşar yazılar