“Səyyar zərgər dükanı”, “Həzrət Yusif” söhbəti və... alt paltarı alveri - REPORTAJ
02 oktyabr 2010 18:03 (UTC +04:00)

“Səyyar zərgər dükanı”, “Həzrət Yusif” söhbəti və... alt paltarı alveri - REPORTAJ

Anamın saçları

Mən uşaq olanda anamın uzun, topuqlarına dəyən qızılı saçları vardı. Onun yeganə gözəl yeri elə bu saçları idi, çünki əlləri, ayaqları, bədəni kənd qadınına xas şəkildə kobudlaşıb, şişib dünyadan çıxmışdı. Amma həmişə toppuz yığdığı saçlarını açıb kürəyinə tökəndə qonşuların hamısı onun saçlarına tamaşa eləməyə yığışırdı.

Anam yaşlandıqca saçları ona ağırlıq eləməyə başladı. Daha əvvəlki kimi qulluq eləməyə gücü çatmadığından, saçlarını kəsdirməyə qərar verdi. Çox pis oldum. Saçını kəsəndən sonra bu qadının mənə ögeyləşəcəyini bilirdim. Amma neyləyə bilərdim ki? Onu saçını kəsdirməsi üçün qadın salonuna mən aparası oldum.

Salondakı bərbər qız anama ürək-dirək verə-verə qayçını işə saldı. Bircə hərəkətə anamın uzunluğu bir metri keçən saçını kəsib, yerə atdı. Və saçın qalanını düzəltmək üçün diqqətini anamın başında cəmlədi. Bunu eləyəndə, təbii olaraq, ayağını anamın yerdəki saçlarının üstünə qoydu.

Özümdən asılı olmayaraq, qızın üstünə «Ay qız, neyləyirsən?!» deyə qışqırıb, əyilərək, anamın saçını döşəmədən götürdüm. Qız da, anam da təəccüblə mənə baxdılar. Mənsə qəzəbimin səbəbini heç cür izah eləyə bilmədim.

Özüm üçün isə bunun izahı çox sadə idi: anamın illər uzunu az qala bütün evimizin yaraşığı olmuş saçlarının bu laqeyd qızın ayaqlarının altında qalmağı hisslərimi təhqir eləmişdi. Anamın döşəmədən yığdığım saçlarını hələ də saxlayıram. Və mənə bu qədər təsir eləyən, belə həssas yanaşdığım hadisənin anam üçün heç bir mənası yoxdur.

Və o vaxtdan içimdə qadın salonlarına qarşı bir ikrah var.

Mən daha salonlara getmirəm…

Amma mən elə o vaxta qədər də çox nadir hallarda gözəllik salonlarının xidmətlərindən istifadə eləyirdim. Səbəblərim bir az şairanədir. Saçlarıma və sifətimə başqasının əli dəyəndə ətim ürpəşir. Solçuluğumun dozası artıq düşdüyündən, insanın dırnaqlarını başqasına təmizlətdirməsindən də iyrənirəm. Massajı insan harınlığının ən yüksək həddi hesab eləyirəm. Qadının təmiz və baxımlı olması üçün nə lazımdısa, hamısını ev şəraitində eləməyi bacarıram və eləyirəm.

Başqa səbəb də var. Uzaq keçmişdə gözəllik salonlarına seyrək səfərlərim zamanı oradakı qadınların qeybətlərində, dialoqlarında elə şeylər eşidirdim ki, belə yerlərə getmək həvəsim bilmərrə öldü. Amma heç vaxt çox bahalı salonlara getmədiyimdən, belə yerlərə gələn kübar, zəngin xanımların salondakı davranışlarından, söhbətlərinin adətən hansı mövzularda olduğundan xəbərsizdim.

Maraq öz yerində. Əslində, özümə qalsa, bir-iki «qlamur» (bu mübahisəli sözcüyün qarşılığının «məsuliyyətsiz elita» olduğunu düşünürəm) xanımın söhbətlərini eşitməkdən ötəri basa-basa gözəllik salonuna getməzdim. Amma seyrək müştərisi olduğum normal salonlarla ortabab xanımlarımızın söhbətlərinə, bu söhbətlərin nə qədər boş, çürükçü, zəhlətökən olduğunun fərqinə varandan sonra bir-iki dəfə də çox bahalı yerlərə gedib, həm onların xidmətləri, həm də daimi müştərilərinin mahiyyəti ilə tanış olmaq və təəssüratlarımı Lent.az-ın oxucularına çatdırmaq qərarına gəldim.

Amma bu dəfə getməli oldum…

Qərara gəlməyə gəldim e, qərara gəlməyə nə var? Dünyada qərara gəlməkdən asan və məsuliyyətsiz iş yoxdur. Öyrəncəli olmadığımdan, bu salonlarda nə edəcəyimi bilmirdim. Canımı dişimə tutub, şəhərin mərkəzindəki bahalı salonlardan birində manikür elətdirməyə getdim.

Salonun hələ qapısını açmamışdan bilirsən ki, bura sadə yerlərdən deyil. Şüşə qapıları təpədən-dırnağa qara kölgəylə örtülü. Daha buranın qapısının ağzında adi salonlarda olduğu kimi, ipə sərilmiş məhrəbalar adamın ürəyini bulandırmır. Qarşısı təmiz, saxsılarda gül kolları, yeri metlax, divarları üzlük daşı…

İçəri keçirəm. Fenlərin uğultusu, gülüş səsləri o dəqiqə qulağımı deşir. Nəhəng, dairəvi güzgülərin qarşısı min cür baxım vasitələri, saç lakları, sıxaclarla doludu. Saç, dırnaq boyalarının, kimyəvi maddələrin qoxuları salonda hərəsi bir tərəfdə oturub, özlərini «noldan yığdıran» xanımların bahalı ətirlərinə qarışıb.

Salonun girəcəyində, kassanın yanında dayanmış ortayaşlı və qəşəng bir xanım qarşıma yeriyib, gülümsəyərək salamlaşdı. Məqsədimi eşidəndən sonra, manikürçünü çağırıb, ciddi-cəhdlə məni ona tapşırdı və yerimi rahatlayana, əllərimi sabunlu suya qoyana qədər yanımdan uzaqlaşmadı. Qadının bu qayğıkeşliyi eynimi açsa da, həmən fikrimi dəyişdim: manikür üçün ortabab ailənin bir həftəlik ərzağının pulunu kimə versən, belə qayğıkeşlik eləyər.

İki kübar qadının söhbəti

Üzü-gözünün tükünü təzəcə yoldurduğu o dəqiqə bəlli olan manikürçüm dırnaqlarımı əlləşdirdiyi vaxt saçlarına sürtdükləri həngamənin qurumağını gözləyən iki xanım aralarında Qaraçuxurdakı bir şadlıq sarayının kimə məxsus olmağı barədə ciddi-ciddi mübahisə edirdilər. Axırda qadınlardan biri olduqca ciddi arqumentlə qarşısındakını susdurdu :

- Sluşay, mən dəqiq bilirəm, daaa, Namiq Qaraçuxurlunundu. Bizim evdə işləyən qızın qohumu orada ofisiant işləyir. Mamaya deyirmiş ki, onundu. Namiq gündə ordadı.
Söhbətin davamı təbii ki, Namiqlə Aygünün ayrılmağı məsələsi ilə davam elədi ki, burada da hərə öz informasiya mənbəyinin adını açıqlamamaq şərti ilə, bir-birilərinə vacib məlumatlar ötürdülər.

Aygün-Namiq məsələsini bitirəndən sonra qadının biri smartfonunu çıxarıb, oradan nəsə tapdı və rəfiqəsinə göstərdi:

- Sən bir buna qulaq as. Neçə gündü deyirəm, sənə də göstərim bunu. Bir kişidi, şeir deyir – “Bir sevda ağlayır…” Da, da, sözlər cındırskidi, no kakoy qolos!

Rəfiqəsi smartfonu xeyli qulağına tutub, axırda yarıəsəbi-yarızarafat qadına qaytardı:

- Sluşay, hardan tapırsan e, sən belə şeyləri?!

Salonun yuxarı tərəfində uzun, qara-qıvrım saçlı gənc bir qız bərbər xanımla mübahisə eləyirdi. Bərbər ona izah etməyə çalışırdı ki, belə qıvrım saçları uzun müddətə düzləşdirmək olmaz, saçların evi yıxılar. Qızsa saçlarını düzləşdirməyi özü üçün ölüm-qalım məsələsinə çevirmişdi. Uzun mübahisədən sonra qız axır ki, «babalı Sərvərin (yəni özünün) boynuna» götürüb, bərbərini razı sala bildi. Bərbər xidmətçi qadını çağırıb, ona lazım olan bir-iki sifariş verərək, harasa göndərdi. Xidmətçi qadın gəlib bizim yanımızdan ötəndə dodaqaltı donquldandı:

- Başdanxarablar! Kiminin saçı düzdü, qıvrıldır, kiminin saçı qıvrımdı, açdırır… Elə bil, başqa dərd-sərləri yoxdu.

Bu arada mən dırnaqlarımın üstünə az qala lupa-zad salıb, onlarla cihazdan istifadə edərək, işləyən qadına baxa-baxa özümə nifrət eləməklə məşğul idim.

Danlaq danlaq üstündən

Salonda şəhər telefonunun səsi yayıldı. Bayaq mənimlə salamlaşan qadın dəstəyi götürdü. Telefonda nə eşitdisə, qadının rəngi dəyişdi. Dəstəyi yerə qoyub, jurnal vərəqləyə-vərəqləyə çay içən bir xanımın ayaqlarının dərisini soyan pedikürçünü yanına çağırdı. Xısın-xısın danışandan sonra pedikürçü pərt halda geri qayıdıb, işinə davam elədi.

Məsələ ilə maraqlanan təkcə mən deyilmişəm. «Manikürçüm» məsələni bir neçə dəqiqənin içində öyrənə bildi. Sən demə, daimi müştərilərdən olan bir xanım zəng eləyib, pedikürçünün ona çoxlu suallar verməyinə, onu söhbətə tutmağına görə müdiriyyətə şikayət eləyib.

Manikürçü qadın heyrət və qəzəbdən dil-dodağını gəmirirdi:

- Maraqlandıqları söhbət olanda özləri adamı elə söhbətə tuturlar ki, gəl görəsən! İndi yazıq qız bir-iki kəlmə söz soruşub da, cavab vermək istəmirdi, özünə deyəydi. Ta sonradan zəng eləyib, şikayətlənmək nəyə lazım?

Söhbətin sorağı pıçıltı-xısıltı vasitəsilə bütün salona yayıldı. Yeni müştəri yelli-yelli içəri girəndə məsələ bir az səngidi.

«Səyyar zərgər dükanı»

İçəri girən şıq, dümqara paltar geyinmiş 30-35 yaşlı qadın idi (Ramiz Rövşənin şeirindən iraq!). «Qara paltar» dedim, amma qadının üst-başına vəhşicəsinə asdığı qır-qızılın parıltısı bu qara rəngi elə boğurdu ki, yazıq rəng bəlkə də ömründə bu qədər təhrif olunmamışdı. Bu «səyyar zərgər dükanının» tam mərkəzində, yəni qadının ətli boynunda adam əli yekəlikdə, üstü daş-qaşla bəzədilmiş bir qızıl ələm var-gəl eləyirdi. Qadının əlindən yapışmış 6-7 yaşlı oğlan uşağına baxanda isə təəccübdən az qala barmaqlarımı manikürçünün gözünə soxacaqdım: uşağın boynunda, biləyində, barmağındakı qır-qızılın çəkisi küy olmasın, bəlkə də anasınınkından çox olardı.

«Səyyar zərgər vitrini» buranın daimi müştərisi imiş. Az qala hamı onunla salamlaşdı. Qadın axşam toya hazırlaşırdı. Özünə əməlli-başlı əl gəzdirəcəkdi. Uşağı hazırda əli boş olan bərbərlərdən birinə tapşırıb, ilk növbədə kosmetoloqun yanına keçdi. Qapısı aralı qalan kabinetdən kosmetoloqla onun söhbətləri aydın eşidilməsə də, hiss olunurdu ki, kosmetoloq İran istehsalı olan hansısa məhsulun dəri üçün olduqca xeyirli olduğunu iddia edərək, ona sırımağa çalışır. Qadınsa İrandan söhbət düşmüşkən, telekanalların birinin nümayiş etdirdiyi «Həzrəti Yusif» serialını təriflədi. Sən demə, serial bizim əməli-saleh «zərgər dükanının» o qədər xoşuna gəlib ki, ikicə günün içində serialın diskini tapıb, bütün seriyalarına baxıb . Amma mən əmin idim ki, indi ona yaxınlaşıb, qızıl boyunbağısını satıb, bir fəqirə yardım etməsini təklif etsəydilər, qadın əsla bayaqdan uğrunda göz yaşı tökdüyü Həzrəti Yusifin yolu ilə getməz, hətta ona bu axmaq təklifi edən adama acıqlanardı da.

Kosmetoloq isə heyfsilənə-heyfsilənə deyirdi ki, o hələ də televizorda baxır seriala və sonunu bilməkdən ötəri az qala ürəyi partlayır. Bu «yazıqlanma»dan sonra mən qır-qızılı xanımın serialın davamını öz kosmetoloquna danışacağını gözləyirdim, amma belə olmadı. Qadın qaşlarını dartıb, kosmetoloq kürsüsünə yayxandı və susdu.

Saçlarım qurban...

Dırnaqlarımın işi bitər-bitməz, ilan ağzından qurtulan qurbağa təkin, xilasolmuşcasına yerimdən sıçrayıb, xidmətin haqqını ödəyərək, təzə-tər fransız manikürlü dırnaqlarımla başqa bir salona üz tuturam. Şəhərin lap mərkəzində yerləşən bu yer, həm qiymətlərinə, həm də təmtərağına görə bayaqkını kölgədə qoyar. Bura nəinki «gözəllik», hətta elə hər şey salonudur. Butik, yoqa guşəsi, kosmetika və parfümeriya dükanı, massaj salonu – bir sözlə, pulu çox, vaxtı sonsuz, başı isə o qədər də yarımayan qadınlar üçün əsl cənnət. Manekenlərin əyninə keçirilmiş uzunətək donların üzərindəki Daş-qaş adamın gözünü qamaşdırır. Pəncərələrin, güzgülərin qarşılarında o qədər buxur yandırıblar ki, adam özünü Tibetdə, Hindistanda-zadda hiss eləyir (deyəsən, restoran sahibi fen-şuy həvəskarıdır)…

Amma bayaq qaynayan salondan fərqli olaraq, burada elə də çox müştəri gözə dəymir. Bahalı-ucuz, fərqi yoxdur, bütün salonlardakı kimi, burada da bərbərlər bekarçılıqdan bir-birinin saçını düzəldir, üz-gözlərini əlləşdirirlər. Salonun bir ucunda divarın az qala hamısını tutan güzgünün qarşısında incə, qəşəng və qaradinməz bir qadın saçlarını boyadır.

Təzə müştərini görən qadınların üzündə mexaniki və saxta təbəssüm peyda olur. Həmrəyliklə üzümə baxıb, nə istədiyimi soruşurlar. Mənsə ciddi-ciddi çətinlik çəkirəm. Təklif olunan xidmətlərin hamısına qeyri-ciddi yanaşıram. Axır ki, qayçının nə olduğunu çoxdan unudan saçlarımın ucundan bir az vurdurmaq qərarına gəlirəm. İçim qan ağlayır, Mən ancaq dərin sevgi depressiyasına düşəndə saçımı kəsdirməyə öyrəşmişəm. İndi də belə bir vəziyyət olmadığından, kəsiləcək hər millimetrə görə içim qan ağlayır.

Ucaboylu, qəşəng bərbərim məni nəhəng güzgülərdən birinin qarşısında əyləşdirib, hazırlıq işləri görür. Qadının dırnaqları o qədər cilalanma, rənglənmə, bəzənmə proseslərə məruz qalıb ki, hər dırnaq bir rəssam tablosudur. Bu, artıq əsl «neyl-art», yəni dırnaq sənətidir (boş-bekarlarına şükür, İlahi!).

Bərbərin şıq və bahalı əyin-başına baxanda isə H. Murakaminin «Qoyun ovu» romanının qəhrəmanının bahalı restoranda öz-özünə dedikləri yadıma düşür: «Ofisiantın ayaqqabıları mənimkilərdən ən azı iki dəfə bahalı idi»…

Salonda alt paltarı alveri

Ayağım düşərli oldu. Məndən ikicə dəqiqə sonra dodaqları, yanaqları, sinəsi silikon torbasına oxşayan, uzundraz, olduqca qısa paltarlı bir qız içəri girdi. Qızın maneken olduğunu anlamaq çətin deyildi, boz və soyuq üzünün heç bir ifadəsi yox idi.
Qız əzilə-əzilə onun qarşısına qaçan qadından pedikür istədi. Və qısa müddətdə hazırlanan dəm-dəsgaha ayaqlarını yerləşdirib, jurnal vərəqləməyə başladı.

Bu vaxt olduqca yaşlı, amma çox şux geyinmiş bir qadın içəri girdi. Onu görən kimi bayaqdan dinməz-söyləməz işləyən qadınların, səsi çıxmayan müştərilərin də eyni açıldı. Bütün salonu bahalı parfümün qoxusu bürüdü. Mən onun buranın sahibəsi olduğunu düşündüyüm anda qəfildən məlum oldu ki, bu qarı xaricdən gətirilmə alt paltarları satır. Belə kübar salonda hər şey gözləyə bilərdim, amma burada alt paltarları alverçisini heç cür təsəvvür eləməzdim. Qadın bir neçə dəqiqənin içində başına toplaşan müştərilərə öz «dəfilə»sini nümayiş etdirirdi. Hər ölçüdə, hər rəngdə, biçimdə alt paltarları, korsetlər, kolqotkalar, nə bilim daha nələr…

Amma məni təəccübləndirən əsas şey, qarının fantastik qiymətə satdığı bu paltarları gəzdiyim ölkələrdə on-on beş qat aşağı qiymətlərə görməyim idi…

İşin prestiji isə başqa məsələdə idi: bu qarının müştəriləri arasında Nərgiz Cəlilova, İlhamə Quliyeva kimi məşhurlar var. Qarı onlarla çəkdirdiyi şəkilləri bir-iki dəfə göstərəndən sonra, hər şey yağ kimi getmişdi. Kəsdiyi başa, daha doğrusu, satdığı alt paltarına sorğu-sual yox idi.

Vedrə-ləyənli jurnalist

Qarı babat bir alver eləyib salondan çıxana qədər, içəri mətbuatımızın adlı-sanlı xanımlarından biri girdi. Buradakılarla rahat hal-xoş eləməyindən məlum oldu ki, xanım bu salonun daimi müştərilərindəndir. O da manikür-pedikür üçün gəlmişdi ki, bu məsələ artıq mənim ciddi-ciddi ürəyimi bulandırmağa başladı. Üstəlik, mətbuatımızın bu hörmətli xanımı qonaqlığa gedəndə şəp-şəplərini özü ilə aparan vasvası ev arvadları kimi, pedikür üçün lazım olan «vedrə-ləyəni», «çəkic-mişarı» da özü ilə gətirmişdi. Guya dəhşət təmizkar və sterildi. Bayaqdan salonun baş tərəfində oturub, saçlarını boyadan qadın «vedrə-ləyən»lə gələn xanıma baxıb, həqarətlə başını buladı.

Manikürçü qızla yarım saatlıq iş zamanı qız bu qadına az qala on dəfə «siz yaxşı bilərsiz, təzə nə var, nə yox?» sualına jurnalist xanım bir dənə də olsun ictimai çəkisi olan söz demədi. Halbuki o gün ölkədə və dünyada onlarla ciddi hadisə baş vermişdi.
Mənim, daha doğrusu saçlarımın işi bitmişdi. Artıq burada olmağımdan əməlli-başlı əziyyət çəkirdim. Üstəlik, içimdə nəsə zəhər kimi bir şey vardı. Şəhərin o ucuz salonlarında oturub, qeybət eləyən evdar arvadlarla bu bahalı salonların müştəriləri arasında parıltı və rəqəmlərdən savayı heç bir fərq görmədim. Serial, müğənnilər, mətbəx söhbətləri, cici-bacılıq, bayağı yekəxanalıq…

Bu da Günel Mövluddan:

Nədənsə, qadın deyil, məhz kişi dostlarımdan ötrü darıxdım. Murad Köhnəqalanı, Mehman Cavadoğlunu, Aqşini, İlham Tuması yadıma saldım.

Qadınların massaj, manikür, epilyasiya, daha nə bilim, nə kimi boş, cəfəng qayğılarına yuxarıdan aşağı, etinasız baxan dostlarım, bəlkə siz biləsiniz, paytaxtda, böyük şəhərlərdə, hətta əyalətlərdəki minlərlə gözəllik salonlarından hər gün yüz minlərlə baxımlı qadın çıxırsa, bəs niyə bu ölkə belə baxımsız və pintidi? Qadınları “Torqovı”dakı bahalı ətriyyat dükanlarına dadanan ölkədən niyə mətbəx, manqal, yağ-soğança qoxusu gəlir? Niyə Azərbaycan torpağının az qala bütün səthi boş plastik su qabları, cırıq sellofanlarla örtülüb, hə?

Hanı, hardadı o gözəl qadınlar?!

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3035

Oxşar yazılar