Bakıda Ümumdünya Turizm Günü qeyd olundu
29 sentyabr 2010 18:54 (UTC +04:00)

Bakıda Ümumdünya Turizm Günü qeyd olundu

Lent.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək turizm sahəsində görülən işlər barədə danışıb.

Nazir bildirib ki, Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, yəni ölkəmiz Beynəlxalq Turizm Təşkilatına üzv olan vaxtdan qeyd olunur. Lakin bu il müvafiq günün təqdimatı digər illərdən fərqlənir. Bu da yarım il ərzində turizm sahəsində baş vermiş iki əlamətdar hadisə ilə əlaqədardır. Bunlardan biri ölkə prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nı təsdiq etməsidir. Digər əlamətdar hadisə isə IX Beynəlxalq Turizm və I Respublika Turizm sərgilərinin keçirilməsi olub.

Nazir qeyd edib ki, Azərbaycan Turizm İnstitutu bu il ilk məzunlarını buraxıb. 125 tələbədən 74-ü diplom alıb. 14 tələbə isə Azərbaycanda ilk dəfə olaraq 2 ölkənin – Azərbaycan Turizm İnstitutunun və Avstriyanın Krems Universitetinin diplomlarını alıb. Ə. Qarayevin sözlərinə görə, Bakıda və Qusarda Azərbaycan Turizm İnstitutunun mərkəzləri yaradılacaq.

Ölkədə fəaliyyət göstərən mehmanxanalardan da söhbət açan Əbülfəs Qarayevin sözlərinə görə, 2003-cü ildə Azərbaycanda mehmanxanaların sayı 96 idisə, bu ilin yayına qədər 477-ə çatıb: “Gələcəkdə mehmanxanalarda çalışan işçilərin də bu sahənin peşəkarı olmasına çalışacağıq. Artıq mehmanxanalara lisenziya verilməsi ilə bağlı nəzarət də gücləndirilib. Lazım olan bütün standartlara cavab verməyən mehmanxanalara lisenziya vermək barədə söhbət gedə bilməz”.

Nazir onu da vurğulayıb ki, Mədəniyyət və Turizm Nazirliyi yeni turizm haqqında qanunun hazırlanması istiqamətində lazımi təklifləri Nazirlər Kabinetinə təqdim edib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnvestisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduəlimov “Şahdağ qış-yay turizm kompleksi” barədə məlumat verib.

Fransanın “Mondeos” nəşriyyat evi tərəfindən hazırlanmış “Azərbaycanın bələdçi kitabı”nın və Böyük Britaniyanın “Hedonist Guide” şirkəti tərəfindən hazırlanmış “Bakı haqqında kataloq”un təqdimatı olub.

Daha sonra isə Milli Turizm mükafatı öz qaliblərinə çatıb.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354

Oxşar yazılar