Daha 6 nəşr “qara siyahı”ya düşür
28 sentyabr 2010 16:26 (UTC +04:00)

Daha 6 nəşr “qara siyahı”ya düşür

Bu gün Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının növbəti iclası keçirilib.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, komissiya sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ötən müddətdə görülən işlər barədə məlumat verib.

Komissiya əsasən şikayətlər üzrə komissiyanın təqdimatlarının araşdırılması və Mətbuat Şurasına daxil olan şikayətlərlə bağlı monitorinqlərin aparılması istiqamətlərində fəaliyyət göstərib. Komissiya üzvlərindən “İki sahil” qəzetinin əməkdaşı Elçin Namazov, “Ekspress” qəzetinin əməkdaşı Qalib Məmmədli, “Ədalət” qəzetinin əməkdaşı Ceyhun Musaoğlu və digərləri çıxışlarında hər iki istiqamət üzrə görülən işlərin kifayət qədər əhatəli olduğunu vurğulayıblar və əldə edilən nəticələrin yekun rəylərin çıxarılmasında əsas kimi götürülməsinin vacibliyini önə çəkiblər. Bildirilib ki, komissiya üzvlərinin mətbu reketçilik ehtimalı ilə bağlı yerlərdə araşdırmalarını genişləndirmələri zəruridir. Bu təcrübə artıq bir sıra nəticələrin qazanılmasına yol açıb, bəzi qəzetlərin təmənnalı fəaliyyətinə dair konkret sübutlar mövcuddur.

Müzakirələrdən sonra Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının təqdimatına əsasən 11 kütləvi informasiya vasitəsindən 6-sı barədə müvafiq rəy çıxarılıb. Rəylərdə Mətbuat Şurası İdarə Heyətinə həmin KİV-lərin “reket nəşr” elan olunaraq adlarının bu qəbildən olan media vasitələri üçün tərtib edilən “qara siyahı”ya salınması tövsiyəsi əksini tapıb. Digərləri ilə bağlı araşdırmaların aparılması məqsədəuyğun sayılıb.

Qeyd edək ki, bu iclas “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının genişləndirilmiş tərkibdə ikinci toplantısıdır. Mətbuat Şurası İdarə Heyətinin müvafiq qərarına əsasən qurumun fəaliyyət intensivliyinin artırılması üçün onun tərkibinə ölkənin aparıcı KİV-nin nümayəndələri də daxil ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 676

Oxşar yazılar