Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
24 sentyabr 2010 16:49 (UTC +04:00)

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 4 mətbu nəşrlə bağlı müraciətləri araşdırıb.

Komissiya əvvəlcə Cəlilabad poçt filialının və İmişli rayonunun Bəcirəvan kənd sakini Qismət Cəfərovun “Azadlıq” qəzeti ilə bağlı şikayətlərini müzakirə edib. Qəzetin baş direktoru Azər Əhmədov nəşrin 17 və 27 avqust 2010-cu il tarixli saylarında gedən “Poçt şöbəsində 5 min manat qiyamı” və “İmişlidə prezident fərmanı işləmir” sərlövhəli yazılarla bağlı qarşı tərəfin mövqelərini əks etdirən materialların dərc olunduğu barədə məlumat verib. Qarşı tərəf bunu razılıqla qarşıladığından komissiya məsələləri həll olunmuş sayıb. Bununla yanaşı, Şikayətlər üzrə Komissiya qəzetə belə materialların təqdimatında balans prinsipinin tələblərinin gözlənilməsini, yazılarda qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsini tövsiyə edib.

Sonra komissiya Bakı Şəhər Baş Polis İdarəsinin “Rəsmi Azərbaycan” qəzetinin əməkdaşı Rövşən Əliyevin peşə etikası ilə bir araya sığmayan hərəkətləri barədə təqdimatına baxıb. Rövşən Əliyev məsələnin hüquqi müstəvidən çıxarılaraq Mətbuat Şurasının müzakirəsinə verildiyi üçün Mətbuat Şurasına minnətdarlığını bildirib. O, komissiya üzvlərinin suallarını cavablandırarkən orta təhsilli olmasını, maddi təmənna müqabilində baş redaktor Ruslan Cabbarovdan qəzetin vəsiqəsini almasını və dərc etdiyi hər yazının müqabilində mətbu nəşr rəhbərinə pul ödədiyini söyləyib. Komissiya yekdiliklə bu rəyə gəlib ki, bu kimi hallar peşə fəaliyyəti ilə bir araya sığmadığından “Rəsmi Azərbaycan” qəzeti ilə bağlı məsələnin Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılması vacibdir.

Komissiyada “Bizim dövr” qəzeti ilə bağlı şikayətə baxılıb. Belə rəyə gəlinib ki, “Bizim dövr” qəzetinin Sumqayıt Ruhi-Əsəb Xəstəlikləri Dispanseri, Şəki Şəhər Qarışıq Tipli Uşaq Müəssisəsi, Mil Qarabağ və Aşağı Şirvan Kollektorları İstismarı İdarəsi ilə bağlı və digər şikayət doğuran yazılarında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın tələblərinə dəfələrlə sayğısızlıq göstərilib. Nəşrin fəaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan digər hallar da üstünlük təşkil etdiyindən Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həmin mətbu orqanla əlaqədar müvafiq araşdırma aparmaq tövsiyə olunub. Eyni zamanda “Bizim dövr” qəzeti ilə bağlı Mətbuat Şurasına daxil olan şikayətlərdə hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu halların üstünlük təşkil etdiyi nəzərə alınaraq, həmin materiallar müvafiq orqanlara göndəriləcək.

Komissiya Bakı şəhər sakinləri Zoya Hüseynovanın, Çimnaz Hüseynovanın və başqalarının “Məhkəmə və qanun” qəzeti ilə bağlı müraciətlərinə baxarkən aydınlaşdırıb ki, bu məsələlərin də motivində hüquq-mühafizə orqanlarının araşdırmalı olduğu cəhətlər var. Komissiya bütün bunları nəzərə alaraq toplanmış materialların aidiyyatı üzrə göndərilməsi barədə rəy çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671

Oxşar yazılar