Buradakı məhkumların çoxunun arvadı onlardan boşanıb – MƏHBƏSDƏN REPORTAJ
19 sentyabr 2010 15:16 (UTC +04:00)

Buradakı məhkumların çoxunun arvadı onlardan boşanıb – MƏHBƏSDƏN REPORTAJ

Bu dəfə Penitensiar Xidmətin Bakıda yerləşən 10 saylı Cəzaçəkmə Müəssisəsindən (CM) yazıram. Digər həbsxanalar kimi bu CM-in də özəlliyi var: buradakı məhkumlar əsasən, az ağır cinayətlərə görə (narkotik maddələrin satışı və ya istifadəsi, hərbi xidmətdən qaçma, oğurluq, ölümlə nəticələnən avtoqəza və s.) cəza çəkənlərdir. Bu səbəbdən, onları kəsilən “iş”lər də elə ağır deyil: 2 il, 3 il, 5 il... Çoxluğu isə narkotik cinayətinə görə tutulanlar təşkil edir. Narkotik demişkən, burada mənə “ağ ölüm”lə bağlı maraqlı bir əhvalat danışdılar. Hadisə 10 saylı CM-də deyil, Binə qəsəbəsində yerləşən və vərəmli məhkumların müalicə olunduğu İxtisaslaşdırılmış Müalicə Müəssisəsində baş verib. Təxminən 10 il əvvəl baş vermiş hadisə ibrətamiz əhvalat olduğundan onu yazıram.



Ata və oğul


Haşiyə. Ata və oğul narkotik satışı üstündə həbs olunubmuş. Onlar Bakıdakı cəzaçəkmə müəssisələrindən birində, eyni yerdə cəza çəkirmiş. Lakin günlərin birində ata və oğulun hər ikisinin vərəmə yoluxduğu məlum olur. Onların hər ikisi Binə qəsəbəsində yerləşən və vərəmli məhkumların müalicə olunduğu İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə gətirilərək müalicə olunmağa başlayırlar. Müalicə bir müddət davam edir. Ata sağalmağa başlayır, oğulun isə halı pisləşir. O qədər pisləşir ki, həkimlər ataya övladının az zaman müddətində öləcəyini xəbər verirlər. Hadisənin sonrakı hissəsini cəzaçəkmə müəssisəsinin əməkdaşı belə nəql edir: “Xəbər çatdırdılar ki, həmin o ata məhkum məni çağırır. Getdim. Ağlaya-ağlaya dedi “oğlumun vəziyyəti pisdi, indi ürəyi üzüm istəyir”. Həmin vaxt qış fəsliydi. Belə soyuq havada üzüm tapmaq çətin məsələydi. Maşına oturub sürdüm bazara. Bir salxım üzüm tapıb aldım, gətirib verdim kişiyə. Yaman sevindi. Həm də gözləri yaşlıydı. Həmin an bilmək olmurdu o ağlayır, yoxsa gülür. Əlqərəz, kişi üzümü apardı yataqdakı oğluna. Mən də onun arxasınca getdim. Gördüm oğulun üzümü götürüb yeməyə taqəti qalmayıb. Ata üzümdən bir gilə qoparıb oğlanın ağzına apardı. Ancaq oğul yenə yeyə bilmirdi. Onun can verdiyini hiss eləyirdim. Bunu kişi də başa düşmüşdü. Dizi üstə yerə oturub ağlamağa başladı, “oğlumu narkotik satmağa mən cəlb eləmişəm, onun qatili mənəm”. Beləcə, oğul atanın gözləri qarşısında can verirdi. Bu dəhşətli mənzərəyə çox baxa bilməyib bayıra çıxdım. Çünki özümün də gözlərim dolmuşdu…”



Yataq yerləri 1100, məhkumların sayı 430

10 saylı CM-də ümumi yataq yerlərinin sayı 1100 nəfər olsa da, burada yalnız 430 nəfər məhkum cəza çəkir. Yəni, yataq yerlərinin yarısından çoxu boşdur. Əslində, bu, yaxşıdır: çünki hazırda burada təmir gedir. Yataq yerləri çox olmasaydı, təmir gedən vaxt dustaqlar harada qalardı?!

Buradakıların əksəriyyəti ilk dəfə məhkumluq yaşayır. Yəqin elə bu səbəblərdəndir ki, bu CM-də indiyədək məsələn, məhbusların kütləvi intizamsızlığı, qiyam və bu kimi halları qeydə alınmayıb. Məhkumların əksəriyyəti Bakı şəhər sakinidir (paytaxt rayonları arasında çoxluğu Yasamal rayonundan olan məhkumlar təşkil edir). Bölgələr üzrə sıralamada Lənkəran, Astara, Masallı rayonları və Sumqayıt şəhəri gəlir.
Məhkəmə hökmündən sonra bura gətirilən məhkumlar bir müddət yeni dustaqlar üçün nəzərdə tutulmuş yerdə saxlanılır. Təxminən iki həftəlik “həbsxana alışqanlığı”ndan sonra digər məhbusların yanına köçürülür. Sonra isə gündəlik rejim, daha dəqiqi, günün qaydaları başlayır...



Günün qaydaları

Yuxudan qalxma: 06.00-06.05

Yatağın səliqəsi: 06.05-06.20

İdman: 06.20-06.35

Səhər yeməyi: 07.00-08.10

Asudə vaxt: 08.10-09.00

Səhər yoxlaması: 09.00-09.30

Tədbirlərin keçirilməsi: 09.30-13.00

Nahar yeməyi: 13.00-14.00

Tədbirlər planına uyğun hərəkət: 14.00-17.00

Axşam yoxlaması: 17.00-17-30

Başqa tədbirlər: 17.30-19.00

Şam yeməyi: 19.00-20.00

Asudə vaxt: 20.00-21.30

Yatmağa hazırlıq: 21.30-22.00

Yuxu vaxtı: 22.00-06.00


Məhkumlar arasında futbol, voleybol üzrə yarışlar keçirilir. Məşhur müğənnilər gəlib onlara konsertlər verib, aktyorlar tamaşa göstərib, meyxanaçılar meyxana deyib. Hətta məhkumlardan onlarla birlikdə meyxana deyib deyişənlər də olub. Bir də onu deyim ki, məhkumlardan kimsə azadlıqda hansı sənətə sahiblənibsə, adətən burada da onu davam etdirir. Məsələn, hazırda təmir gedən 10 saylı CM-də ustalığı elə buranın məhkumları edirdi: vaxtilə bayırda ustalıq edənlər. Yeməkxanada isə ümumilikdə 7 nəfər işləsə də onlara rəhbərliyi vaxtilə kafe sahibi olmuş birisi edir. Bu sözləri bərbərlərə, ayaqqabı təmirçilərinə də aid etmək olar. Bayırda dindar olanları isə içəridə məsciddə görmək olar. Ancaq məhkum olandan sonra ibadətə başlayanlar daha çoxdur. Yeri gəlmişkən, yeməklə bağlı konkret rejim olsa da, Ramazan ayında oruc tutanlara güzəşt edilir: onlar bir ay müddətində rejimdən kənar qaydada gündə iki dəfə – imsak və iftarda yeyirlər.



“Pis yuxu görmüşəm, evdəkilərdən narahatam...”

Burada “yatanlar” cinayətkar olsa da, təbii olaraq onların da başqa insanlar kimi duyğuları var: onlar da kövrəlir, onlar da darıxır. CM-in tərbiyə işləri üzrə şöbə rəisi Vüsal Mahmudov: “Bir də görürsən ki, məhkumlardan biri gəlib deyir pis yuxu görmüşəm, evdəkilərdən narahatam, fikrim qalıb atamın, ya da anamın yanında. Biz də ona ailəsi ilə telefon əlaqəsi yaradırıq. Danışır, rahatlanır….”.


Aylarla yanına gəlməyə adam tapılmayan məhkumlar var

Məhkumların çoxunu yoluxmağa həftədə bir dəfə yaxınları, doğmaları gəlir. Bunlar daha çox paytaxt sakini olan məhkumlara aiddir. Bölgələrdə yaşayanlar isə yaxınlarını təxminən ayda bir dəfə yoluxmağa gəlir. Ancaq aylarla yanına gəlməyə adam tapılmayan məhkumlar da var. Maraqlı məqamlardan biri isə məhkum olan şəxslərin – yəni kişilərin sonradan arvadlarının təşəbbüsü ilə boşanmalarıdır. CM-də bununla bağlı dəqiq statistika öyrənə bilməsəm də, bu cür halla üzləşən xeyli məhkumun olduğunu dedilər: qadınlar cinayət törədib cəza çəkən ərlərinin yolunu gözləmək istəmir. Ancaq təbii ki, bunun əksi olan hallar da var: qadınların bir qismi nəinki məhkum olan ərlərindən boşanır, əksinə, tez-tez ona baş çəkir.
CM-dəki ən yaşlı məhkumun yaşı 60-ı keçib. Onun nə üstündə tutulduğuyla maraqlanıram, məlum olur ki, avtoqəza törədib, hadisə nəticəsində adam ölüb.


Pərvin ABBASOV

[email protected]

P. S Növbəti yazıda: “Öldürdüyüm uşağı hər gecə yatanda fikirləşrəm…”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1453

Oxşar yazılar