DSMF növbəti interaktiv sorğusunu başa çatdırıb
16 sentyabr 2010 13:31 (UTC +04:00)

DSMF növbəti interaktiv sorğusunu başa çatdırıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) keçirilən növbəti interaktiv sorğu yekunlaşıb. Bu dəfə sorğu zamanı respondentlərə “Dövlət sosial sığorta şəhadətnaməsini almısınızmı” sualı ünvanlanıb.

Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, sorğunun yekun nəticələrinə əsasən, respondentlərin 75.3 faizi sosial sığorta şəhadətnaməsi alıb. Sorğuya qatılanların 19,5 faizi isə sosial sığorta şəhadətnaməsini almadığını, 5,2 faizi şəhadətnamə almaq üçün müraciət etmədiyini nəzərə çatdırıb.

Xatırladaq ki, Azərbaycanda əmək pensiyaları ödənilmiş məcburi sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edir. Ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə, DSMF hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən hüquqi sənəd - sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir.

Elman Babayev bildirib ki, hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir. Həmçinin aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Çünki respublikamızda təyin edilən sosial ödənişlərin miqdarı sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.

Xatırladaq ki, cari ilin 6 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 92 286 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə 01.07.2010-cu il tarixə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 732 215 nəfərə catıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631

Oxşar yazılar