DSMF-dən işçilərə çağırış
06 sentyabr 2010 15:55 (UTC +04:00)

DSMF-dən işçilərə çağırış

Dövlət Sosial Müdafiə Fondu (DSMF) əhalini məcburi dövlət sosial sığorta haqlarını vaxtlı-vaxtında və tam məbləğdə ödəməyə çağırır.

Dövlət Sosial Müdafiə Fondun ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, Azərbaycanda sığorta münasibətlərinə əsaslanan sığorta-pensiya sisteminin qurulması məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırıb. Mövcud sığorta-pensiya sisteminin dayanıqlı inkişafı məcburi dövlət sosial sığorta haqları ilə sosial sığorta ödənişləri arasında birbaşa əlaqənin təmin edilməsindən bilavasitə asılıdır.

Elman Babayev bildirib ki, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlər qeyd olunan sahəyə öz mənfi təsirini göstərir. Bununla belə, aparılan maarifləndirmə işlərinə və görülən müvafiq tədbirlərə baxmayaraq, işçilərlə əmək müqavilələrinin bağlanmaması, yaxud əksər hallarda müəssisələrdə əmək haqlarının minimum səviyyəsində göstərilməsi hallarına rast gəlinməkdədir: “Təəssüf doğuran odur ki, bu kimi halların müşahidə olunmasına işçilərin öz hüquqlarını müdafiə etməməsi və ya bu hüquqları dərindən bilməməsi də bilavasitə təsir göstərir. Halbuki, hər bir şəxs işlədiyi yerdə əmək müqaviləsi imzalamadan çalışmaqla və yaxud aldığı əmək haqqının tam miqdarda rəsmiləşdirilməməsinə göz yummaqla özünü gələcək pensiya və müavinət təminatından məhrum etmiş olur”.

Dövlət Sosial Müdafiə Fondu bir daha əhalini məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında və tam məbləğdə ödənməsində aktiv iştirak etməyə çağırır. Elman Babayev deyir ki, hər bir vətəndaş bilməlidir ki, onun sosial təminatının gələcəyi öz əlindədir və bu prosesdə fəal iştirak etmək, gələcəkdə sosial hüquqların tam təmin olunması ilə nəticələnəcək. Ona görə də təminatlı gələcək üçün məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödənməlidir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar