Azərbaycanlı alim Türkiyədə 2700 dollar pensiya alır - MÜSAHİBƏ
20 fevral 2009 17:30 (UTC +04:00)

Azərbaycanlı alim Türkiyədə 2700 dollar pensiya alır - MÜSAHİBƏ

Azərbaycanda, Türkiyədə, Rusiyada, Avropada və Amerikanın elm dairələrində məqalələri ilə tanınan, 17 ildir qardaş Türkiyədə yaşayıb-yaradan həmyerlimiz, professor Oqtay Hüseynovun Bakıda olduğunu təsadüfən bildik. 1968-ci ildən 1982-ci ilədək Milli Elmlər Akademiyasının Şamaxı Rəsədxanasında direktor müavini və sonra Fizika İnstitutunda laboratoriya müdiri vəzifələrində çalışdığını, sonradan isə Türkiyəyə getdiyini bu yaxınlarda öyrənmişdik. Bu barədə onun həmkarı, tələbə yoldaşı, indi Azərbaycanda tanınmış simalardan biri danışmışdı bizə. Xahiş etdik ki, Oqtay müəllimdən Lent.az üçün müsahibə götürməkdə bizə yardımçı oldu.

Beləliklə, müsahibimiz 1992-ci ildən Türkiyənin Orta Doğu Texniki Universitetində çalışan və indi təqaüddə olan Oqtay Hüseynovdur. Onunla söhbətə Türkiyəyə necə gedib çıxmasından başladıq:

- Mən universiteti 1963-cü ildə bitirdikdən 2-3 il sonra müdafiə etmişəm. Aspiranturada oxuyarkən SSRİ-nin və Amerikanın elmi jurnallarında məqalələrim çap olunurdu. 1978-ci ildə elmlər doktoru oldum. 1990-cı ildə məni 4 illiyə Kaliforniya Universitetinə işləməyə dəvət etdilər. Lakin ingilis dilini bilmədiyimə görə getmədim. 20 Yanvar hadisələrindən sonra yarım illik Avstraliyaya çağırdılar. Bu dəfə ingilis dilini bilməməkdən əlavə, Bakıda qorxulu bir vəziyyət yaranmışdı, ailəmi-uşağımı burada qoyub gedə bilməzdim. Bundan bir müddət sonra Türkiyədən elmi konfransda iştirak etmək üçün Bakıya 2 professor gəlmişdi. Onlar özləri ilə Ankaradakı Ortadoğu Universitetindən mənə məktub gətirmişdilər. Yazmışdılar ki, gedim universitetdə bir ay seminarlar verim. Mən isə dedim ki, bir aylığa yox, yarım illiyə gələrəm. Ailəmlə bir yerdə Bakıdan köçdük, Ankaraya və Ortadoğu Universitetində işləməyə başladım. Orada, Almaniyada və indiyədək ABŞ-da çalışan çox dəyərli bir alim mənə Türkiyə vətəndaşlığını qəbul etməyi və həmişəlik Ortadoğu Universitetində işləməyi təklif etdi. Razılıq verdim. Türkiyədə belə bir qayda var ki, kənardan dəvət olunmuş ünlü elm, mədəniyyət və idman mütəxəssisləri daxili işlər nazirinin istəyi ilə vətəndaşlığa qəbul edirlər. TÜBİTAK basqanı uyğun məktubla nazirin yanına getdi və mən Azərbaycan vətəndaşlığımı saxlamaq şərtilə Türkiyə vətəndaşı oldum. İndi isə Antalyada yaşayıram və artıq təqaüddəyəm.

- Yəni indi heç bir işlə məşğul olmursunuz?

- İşləmirəm, amma elmlə çox çalışıram. Türkiyə qanunlarına görə, professorlar 67 yaşda mütləq pensiyaya çıxmalıdır. Professor olmayanlar isə 65 yaşında pensiyaya çıxır. Mən artıq pensiyaya çıxmışam və indi iki aylığa Bakıya gəlmişəm.

- Azərbaycanda yeni hazırlanan “Təhsil haqqında” qanunda 65 yaşdan yuxarı müəllimlərin işləməsini qadağan edən müddəa salınıb. Ancaq hələ qanun qəbul edilməyib və bu maddə təhsil ictimaiyyəti tərəfindən narazılıqla qarşılanır…

- Əvvəlcə bir şeyi deyim, sonra yaş məsələsinə qayıdarıq. SSRİ Elmlər Akademiyasının bir qrup akademikinin iştirakı ilə 1987-ci ildə "Sovet elminin və texnikasının 1917-1987-ci illər arasında əldə etdiyi ən böyük nailiyyətlər" adlı kitab hazırlanıb. Orada SSRİ məkanında 70 il ərzində nələr olub, hansı texniki nailiyyətlər qazanılıb - bunların hamısı yazılıb. O kitabda mənim də adım vardı. Amma özümün bundan xəbərim yox idi, sadəcə, bu barədə mənə dedilər. Axtarıb həmin kitabı tapdım və iş yoldaşlarımla birgə başladıq bu kitaba adları düşmüş şəxslərlə bağlı statistik məlumatlar toplamağa. Baxdıq gördük ki, o kitabda Orta Asiyadan, Qazaxıstandan heç kəsin adı yoxdur, ancaq 27 erməni aliminin adı var. Azərbaycandan isə 2 nəfərin – Emin Tağıyevin və mənim adım salınmışdı. Tağıyev, indiki Dövlət Neft Akademiyasını bitirib, ömrünün yarıdan çoxunu Rusiyada yaşayıb. Amma Azərbaycan SSR Elmlər Akademiyasının heç üzvü də olmayıb. Professor Emin Tağıyev neft üzrə gözəl mütəxəssis olduğu və çox onəmli işlər gördüyü üçün sovet hökuməti adından Hindistanda, başqa ölkələrdə işləyib. Bu böyük alimimiz 3 dəfə “Stalin” adına dövlət mükafatı alıb. Azərbaycanda 2 dəfə belə dövlət mükafatı alan ikinci adamın olduğunu eşitməmişəm. Bu, onun çox böyük elm adamı olduğunu göstərir. Onun Azərbaycanda hər kəs tərəfindən tanınmasını istərdim. İnkişaf etmiş ölkələrdə Tağıyev kimi dəyərli alimləri və ona az da olsa bənzəyənləri heç zaman pensiyaya göndərmirlər. 65 yaşından sonra dəyərli alimi öz istəyi ilə pensiyaya buraxmaq lazımdır. Amma dəyərsizləri mütləq pensiyaya göndərmək gərəkdir. Bir şərtlə ki, pensiya ilə normal yaşamaq olsun. Yəni professorun pensiyası 1000 manatdan az olmasın. Yəqin ki, mənim kimi düşünənlərlə yanaşı, 100 manat pensiya ilə firavan yaşamaq imkanı olduğunu düşünənlər də var. Amma hər kəs bilir ki, inkişaf etməmiş ölkələr onun üçün geridə qalır ki, onların yüksək səviyyədə elm və yeni texnologiya sahəsində çalışanları yoxdur. Siz bilirsinizmi, sovetlərdə ən yaxşı güləşçilər Dağıstandan, güclü boksçular Amerikada qaradərililərdən, ən yaxşı şahmatçılar yəhudilərdən, qısa məsafələrə qaçanlar Keniyadan, ox atanlar monqollardan və buryatlardan çıxır. Yəni hər bir ölkənin nəsə bir üstünlüyü var, hər toplum nəyi iləsə öyünə bilir. Və üstünlük sayılan, öyünülə bilən şeylər xalqın inkişafına səbəb olursa, toplum xaricdən də sayğı görür.

- Bəs, Azərbaycandan nə çıxır?

- Vaxtilə Türkiyədən və Azərbaycandan da yaxşı güləşçilər olub. Sovet dövründə yaşayanlar güləşçi İbrahimpaşa Dadaşovu xatırlayarlar. Amma elmdə Asya ölkələrinin çoxu, Latın Amerikası və afrikalılar kimi çox geri qalırıq. Avropa isə elmdə öndə gedir. Türklərdən və azərbaycanlılardan çox yaxşı sairlər, musiqiçilər və siyasətçilər, ticarətçilər, aşbazlar çıxır.

- Uzun müddət Bakıda işləmisiniz, yəqin indi də prosesləri izləyirsiniz. Sizcə, Azərbaycanda elmə münasibət necədir?

- Təbii ki, maraqlanıram. Amma dəqiq heç nə deyə bilmərəm. Burada elm adamının əldə etdiyi nəticələrə doğru şəkildə qiymət verənlər çox azdır. Eynşteyn Almaniyanı tərk etdiyi zaman ABŞ deyil, inkişaf etməmiş ölkələrdən birinə getsəydi, orada ona lazımi sayğı göstərilməzdi. Yüksək mövqe tutanlar dərin və geniş elmə sahib deyillərsə, o ölkə zəngin və qüdrətli, insanları isə sayğılı olmaz. Belə millətin həqiqətlərinə də inanmazlar. Milləti inkişaf etdirmək istəyirsənsə, gərək işbilənləri yuxarı qoyasan ki, xaricdə də ölkəni yaxşı tanıtdıra bilsinlər. Bayaq dediniz ki, “Təhsil haqqında” yeni qanun hazırlanır. İstəyirsən, yüz dənə qanun çıxart, işləməyəcəksə, heç nə dəyişməyəcək.

- Artıq siz rəsmi olaraq Türkiyədə işləmirsiniz. İndi Azərbaycana qayıdıb burada işləmək istəyərdinizmi?

- Sovet hökuməti dağılandan sonra bir çox elm adamları ölkəni tərk etməyə məcbur qaldılar. Çünki ölkənin fəaliyyəti üçün gərəkli olan bütün əlaqələr birdən-birə qırıldı. İndi Azərbaycanın ali məktəblərində və elm mərkəzlərində yüksək savadlı, işini yüksək səviyyədə bilən alimlərə böyük ehtiyac olmalıdır. Məsələn, Antalyada universitetdə İlham Əliyev adli riyaziyyatçı professor var. Çox qabiliyyətli, iş bilən, həm müəllim, həm də insan kimi çox dəyərlidir. Mən istəyərəm ki, belə alimlər qayıdıb Bakıda işləsin. Amma burada oradakı imkanlar yoxdur. Digər tərəfdən, onun kimilərinin qayıtmalarını istəyən lazımdır. Mən Türkiyəyə gedəndən sonra özümlə 2 tələbəmi də aparmışdım. Çünki burada işləməyə imkanlar yox idi. Amma hər kəs gedib hansısa xarici ölkədə işləyirsə, o Azərbaycanı təmsil edir və elmi səviyyəsini yüksəldir. Baxın, ən böyük erməni alimləri, ziyalıları Ermənistanda yaşamayıb. Hətta çoxu heç Ermənistanda doğulmayıb da. Amma dünyanın hər yerində onların hörməti çox böyükdür. Ona görə də alimlərimizin xaricdə işləməsi bir tərəfdən də yaxşı haldır.

- İndi Azərbaycanda elmin inkişafı əvvəlkindən fərqlənirmi?

- Mən bu yaxınlarda Azərbaycanın aviasiya sahəsindəki işi ilə maraqlandım. Akademik Arif Paşayevin ad günü ərəfəsində bəzi şeylərlə daha da yaxından tanış oldum. Gördüm ki, aviasiya sahəsindəki elmdə çox böyük irəliləyiş var. Ancaq bu inkişaf digər sahələrdə yoxdur. Fundamental elmdə əksinə, geriləmə çoxdur.

- Sirr deyilsə, indi Türkiyədə nə qədər pensiya alırsınız? Orada aldığınız maaş çox idi, yoxsa, pensiya?

- Mənə təxminən maaşımın 80 faiz qismində pensiya kəsdilər. Qlobal maliyyə böhranından əvvəl pensiyam 2600-2700 dollar idi. İndi dollar ucuzlaşıb və buna görə pensiyam 1800 dollaradək enib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3924

Oxşar yazılar