Ölmə, pis baxarlar...
03 sentyabr 2010 12:12 (UTC +04:00)

Ölmə, pis baxarlar...

Ölüm gözlə qaş arasındadır. Bu qısa məsafə qət edildi və hər şey bitdi. Ömür qısa, ölüm bir anlıq. Bu qısa ömürdə bir sual bizi nə qədər düşündürür - qonşu nə deyər? Əksər vaxt qonşunun nə deməsi və ya deyəcəkləri bizim həyatımızdan, taleyimizdən daha vacib olur. Niyə? Taleyimiz ,yaşam tərzimiz, prinsiplərimiz qonşu üçündür, yoxsa özümüz üçün? Mənim həyatımda niyə o və onun baxışları mənimkindən daha önəmli olmalıdır? Sizi and verirəm ulu Tanrıya, bunu ictimai qınaqla bağlamayın və qarışdırmayın. Çünki bu o deyil. Heç deyil.

Azərbaycan cəmiyyətinin “avropalaşmaq” meylləri çoxumuzu haqlı olaraq narahat edir. Bu başqa məsələdir və bəzi narahatlıqlar da əbəs deyil. Amma elə məqamlar var ki, onlar doğrudan da insanların taleyini həll edir və bir çoxlarının taleyi sözün həqiqi mənasında qonşuların (ətrafın) badına gedir. Bəlkə insanlar qonşu üçün yaşamaqdan əl çəksəydik işini-gücünü atıb bir-birini güdən adamlar da azalardı. Yaşamaq daha rahat olardı. Bu sual hər dəqiqə, hər an bizi təqib edir. Düşüncələrini istədiyin kimi ortaya qoyma, qonşu nə deyər, istədiyin kimi, daha doğrusu daha rahat geyinmə, qonşu nə deyər, maşının olsa və olmasa qonşu nə deyər? Qadınlar maşın sürsə, qonşu nə deyər? Borc al toy elə ki, qonşunun deməyə sözü qalmasın, necə olsa da diplom al, arada bir sərhədlərdən kənara çıx, oğlan narkoman olsa belə nişanı qaytarma, həyat yoldaşın ölübsə ikinci dəfə ailə qurma, boşanma amandır, qonşular var axı. Həyatını cəmiyyətin istədiyi xətt üzrə qur: orta məktəb, ali məktəb, 3-cü kursda nişan, axırıncı kursda toy, (xaricə getmə, o qızlara pis baxırlar) bir il içində ana ya ata ol və s.

Hər şeyin nizamı var, pozsan qonşuların dilinə düşəcəksən və bizdən olmayacaqsan. Çaşıb birdən boşanmış qadına vurularsan, yaxud da arvadı ölmüş kişi ilə evlənərsən, karyera dalınca gedib otuzu haqlyarsan, qonşu bizi daş-qalaq edər. Adın-sanın varsa, nə yolla olur-olsun yaxşı ev al, adama nə deyərlər? Adama şərəfsiz deməzlər, rüşvətxor deməzlər, adama heç adam da deməzlər.

Düşün, düşün, gecə-gündüz düşün, işləmə, düşün, yemə, düşün, oxuma, düşün. Amandır, düşün, özündən əvvəl qonşunu düşün, yox, sən daim qonşunu düşün, özünü heç düşünmə. Sən özünə lazım deyilsən, sən qonşuya, qonşu sənə lasımdır. Sən olmasan qonşu nə ilə məşğul olar görəsən, yazıq deyilmi? Sənin varlığın qonşunun məşğuliyyəti deməkdir. İşsizlər və bekarlar ordusumu yaratmaq istəyirsən, düşüncələrimizi əlimizdən almaqmı istəyirsən? Sən bizə qənimmi kəsilmisən? Onun taleyi səndən asılıdır, sənin taleyin ondan asılı olduğu kimi.

Maraqlıdır sənə kömək lazım olsa ömrünü qurban verdiyin qonşular yardımına gələcəkmi? Belə getsə bu sual əbədi olaraq açıq qalacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 957

Oxşar yazılar