Təhsil Nazirliyi ABU-nun bağlanması barədə rəsmi məlumat yaydı
01 sentyabr 2010 18:20 (UTC +04:00)

Təhsil Nazirliyi ABU-nun bağlanması barədə rəsmi məlumat yaydı

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, əmrdə qeyd olunur ki, Azərbaycan Beynəlxalq Universiteti 1997-ci il oktyabrın 17-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb, 1998-ci ildə Təhsil Nazirliyinin 04.12.1997-ci il tarixli 48-11-4058/16 nömrəli qərarı ilə ilk dəfə lisenziya verilib. Universitet 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb.

Cari ilin iyul ayının 8-də Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddəti bitdiyi üçün bu məsələyə yenidən baxilması, eləcə də bu ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə Ekspert Qrupu yaradılıb. Ekspert qrupu ali məktəbin maddi-texniki bazası ilə tanış olmaqla, universitet rəhbərliyinin və Təhsil Nazirliyinin müvafiq şöbələrinin təqdim etdiyi sənədləri təhlil etməklə araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, 2005-ci illə müqayisədə Azərbaycan Beynəlxalq Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində müəyyən işlər görülsə də, tədris prosesinin təşkilində normativ sənədlərin tələblərinə riayət olunmayıb, hətta daha ciddi pozuntulara yol verilib. Ekspert qrupunun hazırladığı arayış Təhsil Nazirliyi Lisenziya Komissiyasının iclasında müzakirə olunub.

İclasda universitetin ali kollegial idarəetmə orqanı olan Elmi Şurasının imkanlarından istifadə edilmədiyi, ali məktəbin strukturuna daxil olan fakültələrin bir çoxunun mövcud qaydaların tələblərinə zidd fəaliyyət göstərdiyi, əksər kafedralar, xüsusən texniki ixtisaslar üzrə mütəxəssis hazırlayan kafedralarda zəruri avadanlıqla təchiz edilmiş tədris laboratoriyalarının olmadığı, kafedraların işinin düzgün təşkil edilmədiyi, müəllimlərin dərs bölgüsündə müvafiq qaydaların kütləvi şəkildə pozulduğu, universitetdə yüksək ixtisas dərəcəsinə malik olmayan və alimlik dərəcəsi (elmi adı) olmayan müəllimlərə mühazirə dərslərinin verildiyi, mütəxəssis hazırlığı həyata keçirilən ixtisasların tədris planlarının tərtibində qüvvədə olan normativ sənədlərin tələblərinə tam riayət olunmadığı, tədris planlarında bir sıra fənlərin tədrisinə ayrılan saatların normativlərdən az olduğu və ya ümumiyyətlə tədris olunmadığı, nizam-intizam qaydalarına riayət edilmədiyi və tələbələrin dərslərə davamiyyətində ciddi nöqsanların olduğu, qrupların tədris jurnallarının formal olaraq doldurulduğu, bəzən dəyişdirildiyi və müəllimlərin imzalarının saxtalaşdırıldığı, tələbələrin biliyinin formal qiymətləndirildiyi, fənlərin tədrisinin pərakəndə şəkildə (müəllimin istədiyi kimi) aparıldığı, universitetdə tələbə kontingentinin formalaşması, tələbələrin kursdan kursa keçirilməsi, qrup və birləşmələrin təşkilində ciddi pozuntulara yol verildiyi, universitetin daxilində bir ixtisasdan digərinə və ya digər ali məktəblərdən tələbələrin köçürülməsi, tələbələr sırasına bərpası və xaric olunması zamanı mövcud qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulduğu, hətta saxtakarlığa yol verildiyi, köçürülmə sənədlərinin saxtalaşdırıldığı, diplom vermə zamanı sənədləşmə və sənədlərin icrası mexanizminin kobud şəkildə pozulduğu, universitetin Moskva filialının fəaliyyətinin mövcud normativ sənədlərə uyğun təşkil olunmadığı qeyd edilib.

Lisenziya Komissiyasının yekdil qərarı ilə qeyd olunan nöqsanlar nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş 30.06.2005-ci il tarixli 003283 №-li xüsusi razılığın (lisenziya) müddətinin uzadılmaması barədə qərar qəbul olunub. Eləcə də, universitet rəhbərliyinə bu ilin sentyabrın 1-dək ali məktəbdə təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən təhsilində fasilə yaranan şəxslər barədə məlumatı 10 gün müddətində hazırlayıb Təhsil Nazirliyinə təqdim etmək tapşırılıb.

Həmçinin Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə mövcud qanunvericiliyin tələbləri gözlənilməklə bu ali məktəbə qəbul olunub, hazırda təhsil alan və ya təhsili müəyyən səbəblərdən yarımçıq qalmış tələbələrin gələcək təhsilləri ilə bağlı təkliflər hazırlamaq barədə tapşırıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1229

Oxşar yazılar