Məktəb direktorları və müəllimlər cəzalandırıldı
08 iyun 2010 11:45 (UTC +04:00)

Məktəb direktorları və müəllimlər cəzalandırıldı

Bakıda 1 müəllim, 1 laboranta şiddətli töhmət verilib, 1 direktora töhmət elan olunub, bir neçəsinə isə xəbərdarlıq edilib

2010-cu ilin may ayında Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə 958 müraciət daxil olub. Müraciətlərin 845-i telefonla, 113-ü elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilərək qeydə alınıb, aidiyyəti qurumlara göndərilib və müvafiq qaydada araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, may ayında anonim və sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. “Qaynar xətt” xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların təşkili, bununla əlaqədar sorğu, rəy və təkliflər, müəllimlərin işə qəbulu, Respublika fənn olimpiadalarının, beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələri, xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə köçürülməsi qaydaları ilə əlaqədardır. Həmin müraciətlər ümumi sorğuların 80 faizindən çoxunu təşkil edir. Digər sorğular isə ümumtəhsil məktəbi şagirdlərinin məktəbli geyimi ilə təmin olunması, müəllimlərin əmək haqqının hesablanması qaydaları, təhsil sənədlərinin alınması və s. məsələlərlə bağlı olub.

Məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs edən müraciətlər əsasında araşdırmalar aparılıb, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı müraciətlərin böyük əksəriyyəti Bakı şəhərindəndir. Bu sahə üzrə Bakıdan 83, Lənkərandan 6, Sumqayıtdan 5, Abşerondan 4, Gəncə, Mingəçevir şəhərləri və Xaçmaz rayonunun hər birindən 3, Şirvandan isə 1 müraciət daxil olub. Eyni zamanda Ağdaş, Şamaxı, Cəlilabad, Kəlbəcər, Qazax rayonları üzrə müraciətlər qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər öz əksini tapıb.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Gəncə 1 saylı Peşə Liseyindən daxil olan müraciət əsasında aparılmış araşdırma nəticəsində işdə yol verdiyi ciddi nöqsanlara görə liseyin direktoru R.Orucovla bağlanmış əmək müqaviləsinə xitam verilib. Xaçmaz rayon Muxtadır qəsəbə məktəbinin direktoru N.Mədətxanov isə tutduğu vəzifəsindən azad edilib.

Bakı şəhərinin 18, 45, 113, 143, 179, 267 saylı məktəblərində yaranmış vəziyyətlə bağlı müraciətlər də araşdırılıb və müvafiq olaraq pedaqoji prosesdə, əmək intizamının yerinə yetirilməsində yol verdikləri nöqsanlara görə 18 saylı məktəbin müəllimi M.Abdullayevaya, 45 saylı məktəbin laborantı P.Abdullayevaya şiddətli töhmət verilib, 113 saylı məktəbin rəhbərliyinə ciddi irad tutulub. Eyni zamanda 143 saylı məktəbin 6-cı sinif rəhbərlərinə töhmət elan olunub və 179 saylı məktəbdə 5d sinif rəhbərinə xəbərdarlıq edilib.

“Qaynar xətt” xidmətinə daxil olan müraciətlər əsasında 146 saylı məktəbin direktoruna işdə yol verdiyi nöqsanlara görə töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavini isə ciddi nöqsanlara görə işdən azad edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar