Bəxtiyar Sadıqov: “Vay o gündən ki, arvadlaşmış “kişilər”in əlinə qəzet düşə...” - MÜSAHİBƏ
03 iyun 2010 10:00 (UTC +04:00)

Bəxtiyar Sadıqov: “Vay o gündən ki, arvadlaşmış “kişilər”in əlinə qəzet düşə...” - MÜSAHİBƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun APA-ya müsahibəsi


- Mətbuat Şurası 100-dən çox qəzeti «reket» elan edərək «qara siyahı»ya salıb. Onlardan bir neçəsi şuranı məhkəməyə verib. Hətta «Təzadlar» məhkəmə prosesini udduğu barədə hər nömrəsində informasiya yazır…


- Arzunu gerçəklik kimi qələmə vermək xəstə təxəyyülə məxsusdur. Atalar sözüdür: sən ağacını götür, suçlu suçluluğunu bildirəcək! «Qara siyahı»ya salınmış «Təzadlar» və «Gündəlik Bakı» qəzetləri daha da aqressivləşib. Səbəb məlumdur, “suda boğulan saman çöpündən yapışar” deyiblər. «Reket» elan edildikdən sonra bazarları bağlanıb, daha «ağaları» onlara pul buraxmır. KİV-ə Dövlət Dəstəyi Fondunun qrantlı və jurnalistlərin fərdi yaradıcılıq müsabiqələrindən kənarda qalıb. Milli Məclisin iclaslarına buraxılmırlar. Heç kim onlarla əməkdaşlıq edib fakt vermir. Ağalarının-sponsorlarının nəzərində bəraət qazanıb yenidən pul qoparmaq üçün məhkəməyə müraciət etsələr də, bir şey çıxmadı! Əksinə, məhkəmə onların «reket» adından yaxa qurtarmaları barədə iddialarını rədd etməklə «qara siyahı»ya layiq olduqlarını dolayısı yolla, həm də məhkəmə qaydasında bir daha təsdiq etdi. Abırlarına qısılıb düz yola qayıtmaq əvəzinə (bəlkə belə etsəydilər, Mətbuat Şurası nə vaxtsa onları «qara siyahı»dan çıxarardı) xislətlərinə xas olan tərzdə şər və böhtan dolu əməllərini davam etdirir.


Mən də soruşuram, əgər «Təzadlar» apelyasiya mərhələsində prosesi udaraq «reket» adını üzərindən götürübsə, onda niyə təzədən Ali Məhkəməyə müraciət edir?! Özləri də bilirlər ki, bütün cəhdləri əbəsdir! Çünki Mətbuat Şurası öz qərarını düzgün, hüquqi cəhətdən əsaslandırılmış şəkildə verib. Onların əsl məqsədi gözə kül üfürmək, bir də bayaq qeyd etdiyim kimi, ağalarının yanında özlərinə bəraət qazandırmaqdır. Artıq «Təzadlar»ı və «Gündəlik Bakı»nı alan da yoxdur! Yalançı və böhtançı qəzeti kimdir oxuyan? Baxın, utandıqlarından öz qəzetlərində gündəlik tirajlarını belə göstərmirlər.


- Deyəsən, Mətbuat Şurasının bəzi üzvlərinin qadınlar vasitəsilə şantaj olunacağı barədə mətbuatda söylənilənlər təsdiqini tapır.


- Bilirsiniz, mənəviyyatsızlığın elə bir həddi var ki, daha ondan sonrakı mərhələnin adı olmur. Olsa da, ucadan söyləmək, qəzet səhifəsinə yazmaq mümkün deyil! Yalnız küçə arvadı səviyyəsinə enmişlər qadınlar barəsində hərzə-hədyan danışa bilər, kişilərin «nəmənəsinin» keşiyini çəkər, haqq-hesabını apararlar! Kişilərlə qadınlar arasında təkcə bioloji yox, xasiyyət fərqləri də mövcuddur. Bu, azərbaycanlılarda (bəlkə də təkcə azərbaycanlılarda) daha qabarıq görünür. Vay o gündən ki, belə sərhədlər silinə, necə deyərlər, arvadlaşmış «kişilər»in (şəxsiyyət vəsiqəsində cinsi kişi göstərilənlərin) əlinə qəzet düşə. Onda bu, azad sözün, sərbəst düşüncənin və demokratiyanın faciəsinə çevrilir. Bizim borcumuz isə böyük əziyyətlər bahasına Azərbaycanda bərqərar olunan mətbuat və söz azadlığını xəbis niyyətlilərdən, təmənnalılardan, naşılardan və təsadüfi ünsürlərdən qorumaqdır. Bəli, göründüyü kimi, artıq qəzetləri və sözləri kimi özləri də tükənən bəzi «baş» (bəlkə də ayaq) redaktorlar Cəhrə qarı kimi qeybətə keçiblər. Amma bu da onları xilas edə bilməyəcək!


- Deyəsən, məhkəməyə müraciət etmək fikriniz var?


- Biz güclü və haqlı olduğumuza görə özümüzü soyuqqanlı və təmkinli aparırıq. «Təzadlar» da, «Gündəlik Bakı» da özlərini elə bir çirkab quyusunun dibinə salıblar ki, oradan xilas olmaları görünmür. Kifayət qədər səhvlərə yol verib, bütün sərhədləri aşıblar. Hətta insani sərhədlər qarşısında da durub-dayanmayıblar. Hər şey zamana möhtacdır! Üstəlik, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəməyə müraciət heç zaman gec sayılmır. Ətraflarındakılar çalışıb talelərini onlara bağlamasınlar. Sonra gec olar…


Hələlik isə Milli mətbuatımızın 135 illiyi ilə bağlı qayğılarla məşğuluq. Bu şərəfli mübarizədə bizi sağlam KİV-lər və jurnalistlər, Azərbaycan ziyalıları ordusu birmənalı şəkildə dəstəkləyir. Mətbuat Şurası azad söz və xeyirxah niyyətlərlə yükünü tutaraq uzaq səfərə çıxmış sanballı bir karvanı xatırladır. Mənzil başına çatana qədər ona qoşulanlar çox olacaq. Arxada qalıb dalınca… baxa-baxa duranlar da tapılacaq. Bu, həyatdır və sabah nə olacağını yalnız sabah biləcəyik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170

Oxşar yazılar