Bu gün 104037 şagird üçün son zəng çalınacaq
31 may 2010 19:30 (UTC +04:00)

Bu gün 104037 şagird üçün son zəng çalınacaq

Təhsil nazirinin əmrinə əsasən, son zəng tədbirləri yalnız məktəblərin daxilində keçirilir


Bu gün ölkənin ümumtəhsil müəssisələrində 2009-/2010-cu tədris ilinin son zənci çalınır. Ötən il olduğu kimi, bu il də orta məktəblərdə son zəng tədbirləri təhsil nazirinin əmri ilə yalnız hər bir məktəbin inzibati ərazisindən keçirilir.

Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, bu il ölkənin orta ümumtəhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 104037 şagird bitirir. Bu göstərici 2007-ci ildə 116812, 2008-ci ildə 117535, ötən il isə 113186 nəfər olub. Ümumtəhsil məktəblərinin XII sinfini başa vuran şagirdlər 2007-ci ildə 524, 2008-ci ildə 311, 2009-cu ildə 637 nəfər olduğu halda, bu il onların sayı 720 nəfərdir.

2009-2010-cu dərs ilində I sinif şagirdlərinin sayı 118581 nəfər olub. Bu göstərici 2007-ci ildə 117921, 2008-ci ildə isə 119600 nəfər təşkil edib. 2010-2011-ci tədris ilində isə ümumtəhsil məktəblərinin I sinfinə 123844 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Bu gün həm də ali təhsil müəssisələrində sessiyaların rəsmən başa çatdığı gündür. Bu il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində 95145 tələbə təhsil alır. Onlardan 88023 nəfər bakalavr, 7122 nəfər magistr pilləsində oxuyur. Təhsil Nazirliyinin tabeliyindəki ali məktəblərin son kurslarında 22814 nəfər tələbə təhsil alır ki, onların da 20062 nəfərini bakalavriatlar, 2752 nəfərini isə magistrlər təşkil edir.

Özəl ali təhsil müəssisələrində oxuyan 21878 tələbədən 21260-ı bakalavriat, 618-i isə magistrdir. Onlardan son kurslarda 6297 nəfər bakalavriat, 269 nəfər magistr təhsil alır.

Xatırladaq ki, son zəng tədbirləri ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi bu gün gücləndirilmiş iş rejimində çalışacaq.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar