Azay Quliyev Xəzər Universitetinin tələbələrinin suallarını cavablandırdı
21 may 2010 19:30 (UTC +04:00)

Azay Quliyev Xəzər Universitetinin tələbələrinin suallarını cavablandırdı

Azərbaycanda vətəndaş cəmiyyəti ilə gənclər arasında münasibətlərin formalaşdırılması” çərçivəsində tələbələrlə görüş keçirilib

Mayın 21-də Xəzər Universitetində Media Hüquqları Mərkəzinin Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda vətəndaş cəmiyyəti ilə gənclər arasında münasibətlərin formalaşdırılması” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.

Lent.az-ın verdiyi məlumata görə, görüşdə Şura sədri Azay Quliyev, Şura üzvü, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev tələbələri maraqlandıran sualları cavablandırıblar.

Media Hüquqları Mərkəzinin rəhbəri Mətanət Müslümqızı gənclərlə ilk görüşün Xəzər Universitetində keçirildiyini, növbəti görüşlərin Qafqaz Universiteti və Bakı Dövlət Universitetində təşkil olunacağını söyləyib.

Azay Quliyev bildirib ki, görüşdən əvvəl Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı fövqəladə vəziyyətin yarandığı Şirvan şəhərində olub və bölgədən birbaşa bu görüşə gəlib. O, görüşün məqsədinin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı gənclərin düşüncələrini öyrənmək, gənclərin vətəndaş cəmiyyəti ilə münasibətlərini tənzimləmək niyyəti daşıdığını bildirib. Tələbələrə öncə Şuranın yaranma tarixindən danışan Azay Quliyev ötən 2 il müddətində dövlət büdcəsindən QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün 5 milyon 300 min manat civarında vəsait ayrıldığını nəzərə çatdırıb. Ədliyyə Nazirliyinin statistikasına görə, Azərbaycanda 2009-cu ildə QHT-lərin ümumi büdcəsi isə rəsmi olaraq olaraq 20 milyon manat olub. Ancaq bu məbləğin 30 milyon manata çatdığı hesab edilir. 2010-cu ilin fevral ayına qədər olan statistikaya görə, Azərbaycanda 2487 QHT fəaliyyət göstərir, bu QHT-lərin də 800-ə qədəri aktiv fəaliyyəti ilə seçilir. QHT-lərdə 5000 insan daimi, bir o qədər insan da müvəqqəti işləyir. Ölkəmizdə QH-lərin fəaliyyəti 24 sahəni əhatə edir. Azay Quliyev inkişaf etmiş ölkələrdə QHT-lərin ümumdaxili məhsulda müəyən payı olduğunu da nəzərə çatdırıb: ABŞ-da QHT-lərin ümumdaxili məhsulda payı 5,5 milyard dollardır”.

Daha sonra tələbələrin sualları cavablandırılıb. Tələbələr ilk öncə Şuranın hansı istiqamətlərdə layihələrə maliyyə ayırması ilə maraqlanıblar. Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasında 15 prioritet istiqamətin müəyyən edildiyini deyib. Prioritet sayılan ilkin istiqamət Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, müharibə əlillərinin hüquqlarının qorunması, qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq məhkəmələrdə müdafiəsi ilə bağlıdır. O, tələbələrin vətəndaş cəmiyyətinin inkişafına yönəlik təşəbbüslərində Şuranın maraqlı olduğunu dilə gətirib. Əliməmməd Nuriyev elm və təhsillə bağlı araşdırmaların, layihələrin də Şura tərəfindən dəstəkləndiyini qeyd edib.


QHT-nin mahiyyətinin cəmiyyətdə nə dərəcədə başa düşülməsi ilə bağlı suala cavabında Azay Quliyev xatırladıb ki. 2000-ci ildə beynəlxalq təşkilatlardan biri sorğu keçirib və Azərbaycan cəmiyyətinin 7 faizinin bu barədə məlumatlı olduğu üzə çıxıb. Hazırda bu göstərici 30-40 faizdir: “Bir dəfə ABŞ səfirindən ölkəsindəki QHT-lərin sayını sourşdum. Sualımı təbəssümlə qarşıladı və ABŞ-da hamının QHT olduğunu bildirdi”.
Azay Quliyev QHT-lər barədə cəmiyyəti maarifləndirmək üçün Vətəndaş Cəmiyyəti jurnalının işıq üzü görməsinə dəstək verdiyini, sayt yaradıldığını, eyni zamanda İctimai Televiziyada ayda bir dəfə veriliş hazırlandığını dilə gətirib.

Şura sədri QHT-lərin qeydiyyat məsələsi və digər mövzuda sualları da cavablandırıb. Görüşdə Şuranın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səfər Alışarlı da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565

Oxşar yazılar