“Qırmızı köynəklilər” və “sarı köynəklilər”in bitməyən qan davası
20 may 2010 16:30 (UTC +04:00)

“Qırmızı köynəklilər” və “sarı köynəklilər”in bitməyən qan davası

Bu qan hələ çox axacaq...

Bu gün Tailandın paytaxtında küçə döyüşləri gedir. 2006-cı və 2008-ci ildə də Banqkokda küçə döyüşləri olmuş, qan tökülmüşdü. Nə baş verir bu ölkədə, niyə paytaxtda dövrü olaraq qanlı qarşıdurma təkrarlanır? Küçələrə çıxanlar kimlərdir?
Tailandda baş verən prosesləri diqqətlə izlədikdə, bir “rəng davası” görünür. 2006-cı və 2008-ci illərdə Banqkokda küçələri işğal edən müxalifətçilər “sarı köynəklilər” adlanırdılar və 2 dəfə hökuməti devirmişdilər. İndi isə Tailand paytaxtının küçələrini işğal edən, tanklarla hücuma keçən ordu və polislə döyüşən “qırmızı köynəklilər”dir. Sarı və qırmızı Tailandda illərdir ki, sürən gərginliyin rəngləridir. Bəs niyə bu “rənglər” bir-birinə düşmən olublar?

Yoxsulların sevimli baş naziri və hərəkatı

Tailandda mübarizə aparan tərəflərdən biri – “qırmızı köynəklilər” yoxsullardır. Onlar əsasən Banqkok ətrafındakı vilayətlərdə yaşayan və kənd təsərrüfatı ilə məşğul olan insanlardır. Onlar 2006-cı ildə hərbi çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılan Taksin Şinavatranın tərəfdarlarıdır və onun hakimiyyətə qayıtmasına çalışırlar. “Qırmızı köynəklilər” hərəkatında tələbələr və Taksin Şinavatra hökumətinin varlılar və hərbi elita tərəfindən ölkədə nəzarəti ələ keçirmək üçün devrildiyinə inanan müxtəlif təbəqələrə məxsus insanlar da var. Taksin Şinavatra 2006-cı ildə hakimiyyətdən uzaqlaşdırılana qədər 5 il baş nazir olub. Yoxsullar arasında populyar olan baş nazir yoxsullar üçün səhiyyə xidmətləri və təhsil üçün dövlət büdcəsindən pul ayırıb, bu istiqamətdə islahatlara başlayacağını bəyan edib. Taksin Şinavatra hərbi yolla devrilib ölkə xaricinə sürgünə göndərildikdən 18 ay sonra keçirilən parlament seçkilərində məhz onun tərəfdarları qələbə qazanır. Taylandın şimalında və şimal-qərbində seçicilərin mütləq əksəriyyəti Taksin Şinavatranın tərəfdarlarının yaratdığı ittifaqa səs vermişdilər. Ancaq sabiq baş nazirin tərəfdarlarının seçdiyi hökumət bir sıra məhkəmə qərarları və “sarı köynəklilər”in davamlı aksiyaları nəticəsində iqtidardan salınıb. “Qırmızı köynəklilər” hesab edirlər ki, Taksin Şinavatranın müttəfiqlərinin qurduğu hökumətlə bağlı məhkəmə qərarları da siyasi xarakterlidir.

Bundan sonra özlərini “qırmızı köynəklilər” adlandıran və rəsmi adı Diktatorluğa Qarşı Birləşmiş Demokratik Cəbhə olan müxalifət bloku 2009-cu ilin may ayından etibarən küçə aksiyalarına başlayıb. Onlar parlament buraxılana və yeni seçkilər elan edilənə qədər paytaxtı tərk etmək fikrində deyillər, ordu və tanklarla döyüşdən də çəkinmirlər.
Bəs “Qırmızı köynəklilər”lə bu hakimiyyət davasında mübarizə aparan “sarı köynəklilər” kimdirlər?

Kralın, orta təbəqənin və ordu elitasının qan tökməkdən çəkinməyən “sarı” ittifaqı

“Sarı köynəklilər” devrilmiş və sürgünə göndərilmiş baş nazir Taksin Şinavatranın əleyhdarlarıdır. Bura kralın yaxın ətrafı, tərəfdarları, iş adamları, kəndlərdəki orta təbəqə (fermerlər və s.) və ordu elitası daxildir. Sarı köynəklilər hərəkatı media patronu Sondhi Limthongkul və kral çevrələrinə yaxınlığı ilə seçilən istefada olan general Chamlong Srimuang tərəfindən yönləndirilir, 2006 və 2008-ci ildə aksiyaların təşkilatçılığında bu iki şəxs önəmli rol oynayıb. “Sarı köynəklilər” kasıbların sevimlisi olan sabiq baş nazir Taksin Şinavatranı rüşvətxorluqda və səlahiyyətindən kənara çıxmaqda günahlandırırlar. Onlar Taksin Şinavatranı Tailand kralı Bhumibol Adulyadejə də yetərincə sədaqətli olmamaqda günahlandırırlar. Sarı rəng kral ailəsini simvolizə edən rəng olduğu üçün də özlərini “sarı köynəklilər” adlandırırlar. Deməli, yaxın gələcəkdə də Tailandda sarı və qırmızı rəngli çox qanlar töküləcək.

Xatırladaq ki, Tailand kralı Bhumibol Adulyadej 20 milyard funt-sterlinqlə dünyanın ən varlı lideri siyahısına başçılıq edir...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar