Məzunlar üçün iş imkanı
20 may 2010 15:00 (UTC +04:00)

Məzunlar üçün iş imkanı

İş axtaran gənc məzunlar Dövlət İqtisad Universitetində təşkil olunacaq yarmarkaya dəvət olunur

Sabah Dövlət İqtisad Universitetində “Məzun-2010” V Respublika yarmarkası keçiriləcək. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan yarmarkada 70-dən çox şirkət və təşkilatlar vakansiyalarla iştirak edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Lent.az-a bildirib ki, yarmarkanın keçirilməsində məqsəd ali təhsil müəssisələrində təhsil alan, eləcə də məzun olmuş gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsidir. Onun sözlərinə görə, məzun yarmarkalarında dövlət qurumları, holdinq, bank, sığorta şirkətləri, istehsal müəssisələri, informasiya texnologiyaları və xidmət müəssisələri öz nümayəndələri vasitəsilə təmsil olunmaqla, potensial kadr ehtiyaclarının təmin edilməsini həyata keçirir.

“Ali təhsil məktəblərinin insan potensialının inkişafı, yüksək ixtisaslı və peşəkar mütəxəssislərin hazırlığı prosesində tədrislə istehsalat arasında sıx əlaqələrin yaradılması, eləcə də təhsil alan və məzun olmuş gənclərin məşğulluq problemlərinin həllinə köməkliyin göstərilməsi təhsil sisteminin konseptual əsaslarından biridir. Məzunlar üçün keçirilən yarmarka da gənclərin məşğulluq problemlərinin həllinə bir növ dəstəkdir” - deyə, Səmayə Məmmədova bildirib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, son illər ərzində respublikamızda gənclərin məşğulluğunun dəstəklənməsi üçün mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir və yeni iş yerləri açılır. Onun sözlərinə görə, artıq 5 il ərzində davamlı olaraq Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən ənənəvi “Məzun yarmarkası” tədbirlər sırasında xüsusi əhəmiyyət kəsb edir. 2006-cı ildən keçirilən “Məzun yarmarkaları”nda 1800 nəfərdən çox gənc işlə təmin edilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar