Aralıq dənizi ölkələri jurnalist qurumlarının toplantısı keçirilib
11 may 2010 15:45 (UTC +04:00)

Aralıq dənizi ölkələri jurnalist qurumlarının toplantısı keçirilib

Azər Həsrət Ukraynanın “İnter” televiziya kanalına və “Qafqaz qovşağı” İnternet resursuna müsahibələr verib

6-9 may tarixlərində İtaliyanın Sardiniya adasındakı Kalyari şəhərində Aralıq dənizi hövzəsi ölkələri jurnalist qurumlarının növbəti toplantısı keçirilib.
Jurnalistlərin Həmkarlar İttifaqından Lent.az-a verilən məlumata görə, Beynəlxalq Jurnalistlər Federasiyası və İtaliya Qəzetləri Milli Federasiyasının təşkilatçılığı, Sardiniya Qəzetlər Cəmiyyəti və Sardiniya Muxtar Bölgəsi hökumətinin dəstəyi ilə gerçəkləşən tədbirdə Azərbaycanı Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) üzvü, CASCFEN sədri Azər Həsrət təmsil edib.
“Təhlükəsizlik, fərqlilik, dialoq və Aralıq dənizi hövzəsində jurnalistikanın gələcəyi üçün inam yaradılması” mövzusunda keçirilən tədbirə 30 ölkənin nümayəndələri qatılıb. Dörd gün ərzində iştirakçılar jurnalistlərin təhlükəsizliyi, əmək hüquqlarının qorunması, sığorta və səhiyyə haqları, münaqişə bölgələrində media nümayəndələrinin davranışları kimi məsələləri müzakirə ediblər. Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Eydn Uayt və prezidenti Cim Boumelha mövzuyla bağlı geniş məruzələrlə çıxış ediblər. Ayrı-ayrı ölkələrin nümayəndələri öz ölkələrində medianın durumu, son prosesləri gündəmə gətiriblər. Xüsusən də münaqişə bölgələrində jurnalistlərin durumu diqqət mərkəzində olub.
Yunanıstandakı maliyyə böhranından əziyyət çəkən jurnalistlərlə həmrəylik nümayiş etdirilib, toplantının nəticələri ilə bağlı geniş bəyannamə qəbul edilib. 2011-ci ildə növbəti toplantının Morokkoda keçirilməsi qərara alınıb.
Toplantı çərçivəsində Azər Həsrət qeyri-rəsmi müzakirələr də keçirib. O, BJF baş katibi Eydn Uaytla Azərbaycanda medianın durumu, görülməli olan işlər, JuHİ-nin də daxil olduğu koalisiya tərəfindən həyata keçirilməyə başlanılmış “Etik jurnalistika təşəbbüsləri” layihəsi ətrafında müzakirələr aparıb. Söhbət əsnasında Eydn Uayt Mirzə Sakit və Qənimət Zahidin həbsdən buraxılmasını müsbət addımlar kimi dəyərləndirdiyini, Azərbaycan hakimiyyətinin bu cür təşəbbüsləri davam etdirəcəyinə ümidli olduğunu deyib.
Azər Həsrət Türkiyə Jurnalistləri Həmkarlar İttifaqının sədri Ercan İpekçi, Şimali Kipr Türk Cümhuriyyətindəki Mətbuat Holdinqinin təmsilçiləri Kemal Darbaz və Ali Kurtoğlu ilə də bir araya gəlib, türk ölkələri jurnalistlərinin əlaqələrinin genişləndirilməsi imkanlarını müzakirə edib.
Tədbirin sonuncu günü Azər Həsrət Ukraynanın “İnter” televiziya kanalına və “Qafqaz qovşağı” internet resursuna müsahibələr verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar