Gəncədə 1 yaşlı körpə ürək əməliyyatı keçirdi
07 may 2010 15:15 (UTC +04:00)

Gəncədə 1 yaşlı körpə ürək əməliyyatı keçirdi

Mərkəzi Neftçilər Xəstəxanasının tibbi heyəti Gəncənin səhiyyə tarixində yeni səhifə açdı

Gəncə şəhərində ilk dəfə olaraq açıq ürək əməliyyatlarının keçirilməsinə başlanıb. Gəncə Müalicə-Diaqnostika Mərkəzində keçirilən əməliyyatlar Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən humanitar aksiya çərçivəsində təşkil olunur.

ARDNŞ-nin ARDNŞ Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəisi Əmrah Fəqanoğlu Lent.az-a bildirib ki, Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən aksiya bu gün start götürüb. Artıq Mərkəzi Neftçilər Xəstəxanasının yüksək ixtisaslı kardiocərrahiyyə briqadası bu gün 2 açıq ürək əməliyyatları aparıb. Sabah isə daha 2 əməliyyatın aparılacağı planlaşdırılıb. Onun sözlərinə görə, əməliyyat olunan xəstələrdən ən kiçiyi 1 yaş 3 aylıq körpədir.

Əməliyyatlara Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov rəhbərlik edir. O qeyd edib ki, regionlarda inşa olunan Müalicə-Diaqnostika Mərkəzlərində indiyədək 165 xəstə üzərində açıq ürək əməliyyatları, 500-dən çox xəstə üzərində angeoqrafiya müayinələri aparılıb. Onun sözlərinə görə, Gəncədə keçirilən aksiyada əməliyyat olunanların hamısı anadangəlmə ürək qüsuru ilə doğulanlardır. Onlardan 2-si körpə, 2-si gəncdir.

Ürək-damar Xəstəlikləri Mərkəzinin rəhbəri bildirib ki, bu əməliyyatlardan sonra xəstələr sağlam həyata qovuşub normal yaşamaq imkanı əldə edəcəklər. Əməliyyat olunmuş xəstələrin ürəyindəki bütün qüsurlar aradan qaldırılıb. Hazırda onlar reanimasiya şöbəsində müalicə alırlar və vəziyyətləri keçirdikləri əməliyyata uyğundur.

Rəşad Mahmudov onu da qeyd edib ki, açıq ürək əməliyyatları ilə bağlı növbəti aksiyalar Şamaxı və Quba rayonlarındakı Mərkəzi Diaqnostika mərkəzlərində keçiriləcək: “Ən böyük arzumuz isə bu komanda ilə birgə ən yaxın gələcəkdə doğma Qarabağımızda tikiləcək yeni səhiyyə ocaqlarında belə əməliyyatları tətbiq etmək və xalqımızın, dövlətimizin qarşısında gözəl nəticələr ortaya qoymaqdır”.

Xatırladaq ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, ARDNŞ-nin maliyyə vəsaiti hesabına respublikanın 10-dan artıq bölgəsində beynəlxalq standartlara cavab verən yeni müalicə-diaqnostika mərkəzləri inşa edilib. Bu diaqnostika mərkəzlərinin hamısında ən unikal cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılmaqla, məşhur Avropa, Amerika və Yaponiya şirkətlərinin istehsalı olan qabaqcıl tibbi avadanlıqlar quraşdırılıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar